Bakı. Trend:
Xaçmaz rayonunda Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı qeyd edilib.
Trend xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və Fövqəladə Hallar Nazirliyinin Şimal Regional İdarəsinin əməkdaşları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev FHN işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi ölkə əhalisinin həyat fəaliyyətinin, ərazilərin, dövlət əmlakının və fərdi mülkiyyətin təhlükəsizliyinin təmin olunması sahəsində öz fəaliyyətini uğurla davam etdirir.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıq ifadə ediblər.
Sonda Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarında çalışan bir qrup əməkdaş Fəxri Fərmanla təltif edilib.