Bakı. Trend:
ABŞ şirkətləri Azərbaycanın yeni nəsil enerji və iqlim sahəsindəki məqsədlərinin həyata keçirilməsinə dəstək verməyə hazırdır.
Trend xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi bildirib
Amerika Ticarət Palatasının (AmCham) Azərbaycanda keçirilən tədbirində qonaqları salamlayan səfir, Azərbaycanda keçirilmiş COP29 konfransının nəticələrindən danışıb.
“COP-a hazırlıq ilində ABŞ nümayəndə heyəti Azərbaycan sədrliyi ilə sıx əməkdaşlıq etmiş və metan olmayan istixana qazlarının azaldılması, iqlim fəaliyyətlərinin kosmik texnologiyalardan istifadə ilə əlaqələndirilməsi kimi təşəbbüslərə dair razılaşmalar əldə etmişdir. Konfransın son saatlarında ABŞ danışıqlar qrupu və Azərbaycan sədrliyi, iqlim dəyişikliyi ilə bağlı təcili problemlərin həlli üçün yeni beynəlxalq maliyyə hədəfləri üzrə razılığa gəldi.
COP29-da “AmCham” və ABŞ şirkətlərinin çoxsaylı nümayəndələrini görmək mənim üçün ilhamverici oldu. Bu, ABŞ-nin bilik və innovasiyalarının təmiz enerji inqlabına necə təkan verdiyini nümayiş etdirir. ABŞ şirkətləri Azərbaycanın yeni nəsil enerji və iqlim hədəflərinin həyata keçirilməsinə dəstək verməyi öhdələrinə götürüblər”, – deyə səfir qeyd edib.
Mark Libbi ABŞ və Azərbaycan arasında əməkdaşlıq üçün böyük potensial gördüyünü bildirib: “Azərbaycan nəqliyyat və logistika üzrə əvəzsiz regional mərkəz olmaq üçün əlverişli mövqedədir”.
Səfir ABŞ və Azərbaycan arasında gələcək iqtisadi əməkdaşlıqla bağlı nikbin olduğunu vurğulayıb.
“ABŞ səfirliyi bu potensialın həyata keçirilməsi üçün biznes icması ilə əməkdaşlığı davam etdirməyə hazırdır”, - deyə o əlavə edib
X: @Lyaman_Zeyn