Bakı. Trend:
ABŞ-nin Texas ştatının Hyuston şəhərində dahi rus bəstəkarı Pyotr Çaykovskinin “Şelkunçik” baleti azərbaycanlı dirijor Təranə Teylorun rəhbərlik etdiyi yeni Hyuston Repertuar Balet Orkestrinin müşayiəti ilə növbəti dəfə səhnələşdirilib.
Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Təranə Teylorun dirijorluğu ilə “Şelkunçik” baletinin ilk təqdimatı 2023-cü ildə nümayiş olunub və Texas ictimaiyyəti tərəfindən rəğbət görüb.
Builki baletdə əsas rolları Amerika Balet Teatrının tanınmış solistləri Li Fleytoks (Léa Fleytoux) və Ceyk Roksander (Jake Roxander) ifa edib. Sonda Hyuston Repertuar Balet Orkestrinin üzvləri və orkestrin rəhbəri Təranə Teylorun çıxışını tamaşaçılar gurultulu alqışlarla qarşılayıb.
Qeyd edilib ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu olan Təranə Teylor solo, vokal, instrumental, kamera, orkestr, teatr və balet musiqisində böyük təcrübəyə malik pianoçudur. O, rəhbərlik etdiyi orkestri yaradana qədər 7 il ərzində Hyuston Repertuar Balet Orkestrində pianoçu kimi fəaliyyət göstərib. Orkestrin üzvləri ABŞ-nin və dünyanın müxtəlif ölkələrinin səhnələrində çıxış edən tanınmış musiqiçilərdir. Soydaşımız Təranə Teylorun 2024-cü ildə yaratdığı Texas Musiqi klubunun 15 tələbəsi ABŞ üzrə keçirilmiş “All State Music Festival” festivalında iştirak edib, yüksək nəticələr göstərərək mükafatlar alıb.