Bakı. Trend:
13 nəfər Azərbaycan və Türkiyə vətəndaşlarının olduğu gəmi Kerç boğazında çətinliklə üzləşib, həyəcan siqnalı verib.
Trend xəbər verir ki, bu barədə "TASS"a Rusiya Dənizçilərin Həmkarlar İttifaqından məlumat verilib.
"Türkiyəli şəxsə məxsus və Sierra Leone bayrağı altında üzən "Lady Fortune" gəmisinin heyəti bizimlə əlaqə saxladı. Bir neçə gün əvvəl onlar Kerçdən çıxıb Türkiyəyə getməli idilər. Ancaq hazırda bunun mümkünsüz olduğu ortaya çıxıb. Belə ki, gəmidə su demək olar ki, bitib, yemək də tükənir və gəminin texniki vəziyyəti, çətin hava şəraiti də vəziyyəti gərginləşdirir. Həmçinin, onlara 6 aydır maaş verilmədiyi də qeyd edilib", - İttifaqdan bildirilib.
Qeyd edilib ki, gəmidə 13 nəfər var: ekipaj üzvlərindən biri Türkiyə, digərləri isə Azərbaycan vətəndaşıdır.
"İndi onlar Kerç boğazındadırlar, fəlakət siqnalı göndəriblər. Lakin bu, pis hava şəraiti ilə bağlı deyil, məhz onların ac qalması ilə bağlıdır. Ekipaj beynəlxalq dənizçilər ittifaqı ilə əlaqə saxlaya bilmədiyindən, Rusiya Dənizçilərin Həmkarlar İttifaqına müraciət edib", - deyə, İttifaqdan bildirilib.