...

Bakıda Gömrük-Biznes Forumu keçirilir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2024 10:22 (UTC +04:00)
Bakıda Gömrük-Biznes Forumu keçirilir (FOTO)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Gömrük-Biznes Forumu keçirilir.

Trend xəbər verir ki, forumda Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər rəsmi şəxslərin çıxışları gözlənilir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Bakıda keçirilən Gömrük-Biznes Forumunda deyib ki, son beş ildə Azərbaycanın xarici ticarət dövriyyəsi iki dəfə artıb.

“Gömrük prosedurlarının optimallaşdırılması, rəqəmsal əməliyyatların tətbiqi və inzibati maneələrin aradan qaldırılması yerli və xarici sahibkarlar üçün daha əlverişli şərait yaradır. Bu islahatlar bütövlükdə iqtisadiyyatın möhkəmlənməsinə töhfə verir. Son beş il ərzində xarici ticarət dövriyyəsi iki dəfədən çox artaraq 52 milyard dolları ötüb”, - deyə o bildirib.

Öz növbəsində Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda keçirilən Gömrük-Biznes Forumunda əlavə edib ki, Azərbaycanda gömrük sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar ölkənin beynəlxalq iqtisadi birliyə inteqrasiyasına mühim töhfə verir.

“Azərbaycanda gömrük sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar, əldə olunan müsbət təcrübə və müasir texnologiyaların tətbiqi ölkə iqtisadiyyatının inkişafına, sahibkarlıq sinfinin möhkəmlənməsinə və Azərbaycanın beynəlxalq iqtisadi birliyə inteqrasiyasına mühüm töhfə verir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu nailiyyətləri yüksək qiymətləndirir, çünki onlar vətəndaşların rifahına birbaşa təsir edir.

Əsas məqsədimiz Azərbaycan vətəndaşlarının hər birinə, yaşından, cinsindən, kateqoriyasından və ya sosial statusundan asılı olmayaraq, layiqli həyat təmin etməkdir. Dövlət başçısı öz çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycanın dövlət siyasətinin əsasını vətəndaşlarımızın rifahı təşkil edir. Bu rifahın təmin edilməsinin əsas istiqamətlərindən biri əhalinin məşğulluğudur. Heç bir ölkədə məşğulluq probleminin həlli olmadan həyat səviyyəsinin yaxşılaşdırılmasına nail olmaq mümkün deyil. Məşğulluğun təmin edilməsi isə birbaşa biznes nümayəndələrinin fəal iştirakından asılıdır. Çünki dövlətin göstərdiyi əhəmiyyətli dəstəyə baxmayaraq, resurslar həmişə məhduddur”, – deyə nazir bildirib.

Daha sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Bakıda keçirilən Gömrük-Biznes Forumunda qeyd edib ki, son bir il ərzində Avtomatlaşdırılmış Risk Təhlili Sisteminin (ARAS) tətbiqi nəticəsində orta sərhədkeçmə vaxtı 58 faiz, rəsmiləşdirmə müddəti 15 faiz, fiziki yoxlamaların sayı isə 20 faiz azalıb.

“2023-cü ildə ARAS sisteminin tətbiqi alətlərin daha effektiv istifadəsinə imkan yaradıb. Gömrük rəsmiləşdirilməsinə sərf olunan vaxt azaldılır, daşımalar üzrə xərclər minimuma endirilir və bu, gömrük qanunvericiliyinə əməl edən xarici ticarət iştirakçıları üçün əlverişli biznes mühiti yaradır.

Azərbaycanda elektron bildiriş sistemi və təminat əsasında malların buraxılış mexanizmi hazırlanıb. Beynəlxalq standartlara uyğun olaraq gəlirlərin toplanması istiqamətində metodiki vəsaitlər, elektron bildiriş sistemi və təminat əsasında malların buraxılış mexanizmi hazırlanıb.

Yığımlar, gömrük rüsumları və vergilər 2023-cü ildə dövlət büdcəsinin 18 faizini və ÜDM-in 5,2 faizini təşkil edib. Ötən il gömrük gəlirləri büdcədə 2022-ci illə müqayisədə 12,4 faiz artıb”, – deyə o əlavə edib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev isə gömrük biznes-forumunda deyib ki, gələn ilin aprel ayında Bakıda “Dayanıqlı Kənd Təsərrüfatı üzrə İnvestisiya Forumu” keçiriləcək.

“İqtisadiyyatın qloballaşması qaçılmaz prosesdir və dünya bazarına keyfiyyətli, rəqabətqabiliyyətli, ekoloji təmiz məhsullarla çıxış, eləcə də ölkənin ixrac potensialının artırılması prioritet istiqamətlər olaraq qalır.

Azərbaycan Sahibkarlar Konfederasiyası beynəlxalq əlaqələri genişləndirərək “Azərbaycan” brendinin təşviqi və populyarlaşdırılmasını davam etdirir. Qeyd etmək istəyirəm ki, 2025-ci ilin fevral ayında Məkkə şəhərində 57 İslam ölkəsinin iştirakı ilə “Halal Biznes Forumu” keçiriləcək. Aprel ayında isə doğma Bakımızda “Dayanıqlı Kənd Təsərrüfatı üzrə İnvestisiya Forumu” təşkil olunacaq”, – deyə M.Musayev vurğulayıb.

Xəbər yenilənəcək

Xəbər lenti

Xəbər lenti