Bakı. Trend:
Son dövrlərdə bəzi beynəlxalq dairələr və media qurumları tərəfindən Azərbaycanda bəzi şəxslərin jurnalist fəaliyyətinə görə həbs edildiyi iddia edilərək bu məsələ siyasiləşdirilir. Halbuki reallıq tamamilə fərqlidir. Həbs edilən şəxslər adi vətəndaşlar kimi qanunları pozduqlarına görə məhkəmənin qanuni qərarları əsasında cəzalandırılırlar.
Azərbaycana qarşı bu cür ittihamlar irəli sürən dövlətlərin öz daxilində siyasi repressiyalar, jurnalistlərə qarşı zorakı hərəkətlər və ifadə azadlığının pozulması halları kifayət qədərdir. Misal üçün, Qərb dövlətlərinin bəzilərində jurnalistlərin həbs olunması, bəzi media qurumlarının bağlanması və ya jurnalistlərin təzyiq altında susdurulması halları ilə üzləşirik.
Bu iddiaları irəli sürən beynəlxalq təşkilatlar və media qurumları bəzən Azərbaycanda baş verən hadisələri siyasi alətə çevirir və həqiqətləri görməzdən gələrək, yalan məlumatlar yayırlar. Müəyyən dairələr Azərbaycana qarşı ikili standartlar tətbiq edir, öz daxilindəki problemlərdən diqqəti yayındırmaq üçün Azərbaycanı haqsız ittihamlarla günahlandırmağa çalışırlar.
Azərbaycan qanunları bütün vətəndaşların bərabər hüquqlarını təmin edir və qanunun aliliyi prinsipinə əsaslanır. Bu prinsipə görə, jurnalist yaxud siyasətçi olub-olmamasından asılı olmayaraq hər bir şəxs qanun pozuntusuna yol verdikdə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə cavabdehlik daşıyır. Qanunun aliliyi və hər kəsin qanun qarşısında bərabərliyi Azərbaycan Respublikasının əsas hüquqi prinsiplərindən biridir. Bu prinsipə rəğmən, bəzi dairələr ictimaiyyəti yanıltmağa çalışırlar.
Azərbaycanı tənqid edən bəzi ölkələrə baxsaq, onların öz tarixində siyasi repressiyalar, azadlıqların kobud pozulması və jurnalistlərə qarşı zorakı əməllər olduğunu görərik. Ancaq bu faktlara baxmayaraq, onlar bölgədə baş verən hadisələrə dair qərəzli yanaşma göstərir və həqiqətləri gizlədirlər. Öz media qurumlarını susduran və siyasi məhbuslarla dolu olan ölkələr Azərbaycanı tənqid etməyə çalışırlar. Bu isə ikili standartların aşkar bir nümunəsidir. Məsələn, bəzi Qərb ölkələrində çoxsaylı jurnalist həbs və ya hədələrlə susdurulur. Bütün bunlara baxmayaraq, onlar demokratiya adı altında başqa ölkələrin daxili işlərinə qarışır və öz təbliğatlarını aparırlar.
Azərbaycan hər zaman demokratiyanın, şəffaflığın və insan haqlarının qorunması prinsipinə sadiq qalıb. Ölkədə həyata keçirilən iqtisadi islahatlar, sərbəst mətbuatın inkişafı və sosial rifahın yüksəlməsi bunu bir daha sübuta yetirir. Azərbaycanın bölgədə sabitliyin qorunmasına verdiyi əhəmiyyətli töhfə, çoxsaylı beynəlxalq təşkilatlardakı fəallığı və beynəlxalq enerji bazarındakı rolu bunun parlaq nümunəsidir.
Azərbaycana qarşı aparılan qərəzli kampaniyalara baxmayaraq, haqqı və ədaləti uzun müddət gizlətmək mümkün deyil. Azərbaycanın ədalətli siyasəti, qanunvericilik çərçivəsində atılan addımları və beynəlxalq arenada tutduğu müsbət yer beynəlxalq ictimaiyyət tərəfindən dürüst qiymətləndirilməlidir. Azərbaycan dövləti, qərəzli yanaşmalara baxmayaraq, öz müstəqil siyasətini davam etdirir və etdirəcək.
Azər Qarayev,
Politoloq