Bakı. Trend:
Dekabrın 17-də Rabatda “Dinlərarası harmoniya: Sülh içində birgəyaşayışın gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Tədbir İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və ölkəmizin Mərakeşdəki səfirliyinin birgə əməkdaşlığı ilə təşkilatın baş qərargahında baş tutacaq.
Trend xəbər verir ki, konfransda sülh içində birgəyaşayış, qarşılıqlı hörmət və dini dözümlülüyün qlobal əhəmiyyəti ilə bağlı müzakirələr aparılacaq, Azərbaycanın dini müxtəliflik sahəsində uğurla tətbiq etdiyi nümunə təqdim ediləcək.
Dini liderlər, siyasətçilər və din alimləri arasında dialoq və əməkdaşlığın gücləndirilməsi, eləcə də dinlərarası anlaşmanın təşviqi və dini dözümsüzlük halları ilə mübarizə üçün ən yaxşı təcrübə mübadiləsi konfransın müzakirə mövzularından olacaq.
Konfransda Azərbaycan və Mərakeşin nüfuzlu elm və fikir adamları, eləcə də Misir, Liviya, Tunis, İtaliya və İngiltərə və digər ölkələrdən dini mövzular üzrə mütəxəssislər iştirak edəcəklər.
Bu tədbir müxtəlif dinlərdən olan cəmiyyətlər arasında dialoq, anlaşma və birgəyaşayış dəyərlərinin daha da inkişaf etdirilməsi yolunda mühüm bir addım olacaq.