Bakı. Trend:
Dekabrın 28-də Bakıda üzgüçülük idman növü üzrə “Parlaq Ulduz” Uşaq Liqasının 3-cü final mərhələsi start götürəcək.
Trend xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyasının, Bakı şəhəri Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçiriləcək yarışda ölkənin 30-a yaxın idman klubunun və seksiyalarının 200-ə yaxın idmançısı mübarizə aparacaqlar.
Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə turnirdə 1-ci yaş qrupunda 2012-2013-cü təvəllüdlü oğlanlar, 2-ci yaş qrupunda 2015-ci il təvəllüdlü oğlanlar, 1-ci yaş qrupunda 2013-2014-cü il təvəllüdlü qızlar, 2-ci yaş qrupunda 2015-ci il təvəllüdlü qızlar öz güclərini sınayacaqlar.
Yarışlara digər yaş qrupundan da idmançılar qatıla bilərlər. Bakı Su İdman Sarayında bir gün davam edəcək “Parlaq Ulduz” Uşaq liqasının final mərhəsinin qalibləri diplom və medallarla təltif olunacaq. Həmçinin ən yüksək xallar toplayan üzgüçülər Bakı şəhər yığma komandasının tərkibinə daxil ediləcəklər.