Daşkənd. Trend:
“Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov və bir sıra digər iri investisiya şirkətləri Özbəkistanın Bostanlıq rayonunda, Çarvak su anbarının sahilində “Sea Breeze Uzbekistan” beynəlxalq turizm mərkəzinin tikintisinə hazır olduqlarını bildiriblər.
Trend xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə keçirilən müşavirədə bəlli olub.
Layihə çərçivəsində istirahət zonaları, çimərliklər, idman obyektləri, hotellər, kotteclər və yaşayış komplekslərini əhatə edən çoxfunksiyalı mərkəzin yaradılması nəzərdə tutulur. Bundan əlavə, beynəlxalq brendləri əhatə edən mağazalar, restoranlar və xidmət məntəqələrinin açılması planlaşdırılır. Mərkəz festival, konsert və digər mədəni-əyləncə tədbirlərinin keçirilməsi üçün platformaya çevriləcək.
Ziyarətçilərin rahatlığı üçün körfəzləri birləşdirən körpünün inşası planlaşdırılır. Gələcəkdə bu mərkəzin həm istirahət, həm də daimi yaşayış üçün unikal turizm habına çevriləcəyi gözlənilir.
Özbəkistan prezidenti bu təşəbbüsü dəstəkləyib və layihənin hüquqi bazasının hazırlanması və infrastruktur məsələlərinin həlli üçün baş nazirin rəhbərliyi ilə komissiya yaradılmasını tapşırıb.
Qeyd edək ki, son beş il ərzində Bostanlıq rayonuna 2 trilyon sumdan (179,1 milyon ABŞ dolları) çox investisiya cəlb edilib, 13 min nəfərlik 59 yeni turizm obyektinin istismara verilməsi təmin olunub.