Bakı. Trend:
Oman ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) elektrik enerjisi şəbəkələrini birləşdirmək məqsədilə Körfəz Elektrik Rabitəsi Şurası ilə “Sohar International Bank” arasında 500 milyon ABŞ dolları dəyərində mərhələli maliyyələşdirmə sazişi imzalanıb.
Trend-in məlumatına görə, layihə çərçivəsində BƏƏ-də Sila stansiyası ilə Oman Sultanlığında Əbri stansiyası arasında 400 kilovoltluq ikidövrəli elektrik xətti çəkiləcək.
Xəttin ümumi uzunluğu 530 kilometr təşkil edəcək. Bundan başqa, Əbridə və BƏƏ-nin Beynunə bölgəsində hərəsi 400 kilovolt gərginlikli iki ötürmə stansiyası inşa olunacaq. Stansiyalar ümumilikdə 1600 meqavat güc təmin edəcək.
Layihə bölgədə enerji təhlükəsizliyinin gücləndirilməsinə, Körfəz Əməkdaşlıq Şurası üzv ölkələri arasında enerji ticarətinin artırılmasına və elektrik sistemlərinin etibarlılıq və davamlılığının yüksəldilməsinə xidmət edəcək.
Körfəz Elektrik Rabitəsi Şurasının İdarə Heyətinin sədri Muhsin bin Həmd əl-Həzrəmi layihəni Körfəz ölkələrinin elektrik şəbəkələrinin inteqrasiyasında keyfiyyətcə yeni mərhələ adlandırıb.