Bakı. Trend:
ABŞ-nin müvəqqəti işlər vəkili Alan Pörsell Orta dəhliz regionunda ticarət, enerji, infrastruktur və logistika sahələrindəki perspektivləri araşdıran Amerika biznes-nümayəndə heyətinin səfəri çərçivəsində amerikalı biznes-liderlərdən ibarət nümayəndə heyəti və Gürcüstan biznesinin nümayəndələri ilə görüşüb.
Trend bu barədə ABŞ-nin Gürcüstandakı səfirliyinə istinadən xəbər verir.
Bildirilib ki, nümayəndə heyəti ABŞ Ticarət Xidməti, Amerika-Gürcüstan Biznes Şurası (AGBC), Amerika-Azərbaycan Ticarət Palatası (USACC) və Qazaxıstandakı Amerika Ticarət Palatası ilə tərəfdaşlıq şəraitində təşkil olunub. Nümayəndə heyəti Gürcüstan, Qazaxıstan və Azərbaycana səfər edib.
Məlumata görə, səfər çərçivəsində nümayəndə heyətinin üzvləri ABŞ və Gürcüstan arasında kritik infrastruktur, rəqəmsal ticarət, yeni texnologiyalar, nəqliyyat və logistika sahələrində əməkdaşlığın gücləndirilməsi imkanlarını araşdırıblar. Görüşdə iqtisadiyyat naziri Mariam Kvrivişvili də iştirak edib.
“Həmin nümayəndə heyəti Birləşmiş Ştatların iqtisadi tərəfdaşlığın inkişafı və regional əlaqəliliyin möhkəmləndirilməsinə olan sadiqliyini vurğulayır”, - deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.