Bakı. Trend:
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana 353,8 milyon ABŞ dolları dəyərində 734,8 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları idxal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə sözügedən məhsulların Azərbaycana idxalında dəyər ifadəsində 301,9 milyon ABŞ dolları və ya 1,8 dəfə, həcm baxımından isə 433,1 min ton və ya 1,6 dəfə azalma qeydə alınıb.
Dövr ərzində Azərbaycana xam neft məhsulları Qazaxıstan, Rusiya və İraqdan idxal edilib. Belə ki, cari ilin ilk 7 ayında Qazaxıstandan 22,6 milyon ABŞ dolları dəyərində 41,8 min ton, Rusiyadan 331 milyon ABŞ dolları dəyərində 692,7 min ton, İraqdan isə 135 min ABŞ dolları dəyərində 365 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları alınıb.
Hesabat dövründə Azərbaycandan əks istiqamətlərə isə sözügedən neft məhsullarının ixracı qeydə alınmayıb.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandan 19 ölkəyə 7,7 milyard ABŞ dolları dəyərində 14,5 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
Bu, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 1,6 milyard ABŞ dolları və ya 17%, həcm ifadəsində isə 225,5 min ton və ya 1,5% azdır.