Bakı. Trend:
Tailandın paytaxtı Banqkokun doqquz rayonunda və yaxınlıqdakı Samut Prakan bölgəsində quduzluq epidemiyası baş verib.
Trend-in “Bloomberg”ə istinadən məlumatına görə, bu ərazilər oktyabrın 8-dək yüksək risk zonası elan edilib.
Quduzluğu sahibsiz itlər yayır; Banqkokun üç rayonunda yoluxmuş heyvanlar aşkar edilib. İnsanlarda yoluxma halları hələ məlum deyil. 2025-ci ilin əvvəlindən ölkənin altı əyalətində quduzluq səbəbindən 7 nəfər ölüb.
Hakimiyyət sakinləri və paytaxt qonaqlarını sahibsiz it və pişiklərlə təmasdan çəkinməyə, cızıq və ya dişləmə halında isə dərhal həkimə müraciət etməyə və peyvənd olunmağa çağırıb. Quduzluq virusu xəstə heyvanın tüpürcəyi ilə ötürülür. İnsanlarda əsas əlamətlər tənəffüs əzələlərinin qıcolması, əsəbilik, aqressiya və ən ağır hallarda ölümlə nəticələnən iflicdir.