Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yeddimərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Trend-in məlumatına görə, yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində alov genişlənmədən və digər mənzillərə keçmədən qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində 3-cü mərtəbədə yerləşən, ümumi sahəsi 96 kv.m olan üçotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 16 kv.m sahədə yanıb. Təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 15 nəfər bina sakini təxliyə olunub.
Mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə edilib.