Bakı. Trend:
Finlandiyanın Hərbi Hava Qüvvələri sentyabrın 22–26-da “Protective Fence 25” (“Müdafiə sərhədi 25”) adlı genişmiqyaslı təlimlər keçirəcək.
Trend-in məlumatına görə, təlimlərdə təxminən 1200 hərbçi və 50-yə yaxın təyyarə iştirak edəcək.
Payız mövsümündə Finlandiyada keçiriləcək ən böyük uçuş təlimi olan manevrlərə fin hərbçiləri ilə yanaşı, İsveç və Danimarkanın hərbi hava qüvvələrinin heyəti də qatılacaq. Təlimlər Finlandiyanın əsas aviabazalarını, Oulu, Vaasa, Kokkola-Pietarsaari hava limanlarını və İsveçin Luleo şəhərindəki Kallax aviabazasını əhatə edəcək.
Təlimlərdə “F/A-18 Hornet” qırıcıları, “Hawk” təlim-döyüş təyyarələri, NH90 helikopterləri, “Dornier 228” müşahidə təyyarələri, eləcə də İsveçin “JAS 39 Gripen” qırıcıları və İsveçlə Danimarkadan olan “C-130 Hercules” nəqliyyat təyyarələri iştirak edəcək.
Təlimlərin məqsədi müdafiə qabiliyyətini möhkəmləndirmək və genişmiqyaslı hava əməliyyatlarını müxtəlif məntəqələrdən icra etməkdir. Uçuşlar Rovaniemi, Kayaani, Kuopio, Jyvaskyla, Vaasa bölgələrində və Botniya körfəzi üzərində həyata keçiriləcək, proqram alçaq uçuşlar, səsdən sürətli manevrlər və radioelektron mübarizə vasitələrini əhatə edir.