Bakı. Trend:
İcbari tibbi sığorta haqqında məlumatlılıq 100 faizə yaxındır, Xidmətlər Zərfi üzrə isə 47 faiz təşkil edir.
Trend xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev 2024-cü ilin yekunları ilə bağlı mətbuat konfransı zamanı deyib.
Zaur Əliyev icbari tibbi sığortanın tətbiqi ilə bağlı vətəndaşların məmnunluğunun və məlumatlılığının öyrənilməsi barədə keçirilən sosioloji sorğuların nəticələri ilə bağlı məlumat verib.
O bildirib ki, 2023-cü ildən etibarən Bakı, Sumqayıt və Abşeronda, eləcə də digər 51 regionda sorğular təşkil olunub. Sorğularda 25 087 nəfər iştirak edib.
"Nəticələrə əsasən, ölkə əhalisinin 100 faizə yaxını icbari tibbi sığorta haqqında, 47 faizi isə Xidmətlər Zərfi barədə məlumata malikdir. Ən yüksək göstəricilər ixtisaslaşmış ambulator və laboratoriya xidmətləri üzrə qeydə alınıb.
Ümumilikdə, icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərdən məmnunluq səviyyəsi 59 faizdir.
İcbari tibbi sığorta tətbiqindən sonra sağlamlıqla bağlı xərclərin ciddi şəkildə azaldığını bildirən respondentlərin payı 25 faiz, cüzi azalma bildirənlərin payı isə 40 faizdir. Ümumilikdə respondentlərin 65 faizi icbari tibbi sığortanın tətbiqindən sonra tibbi xərclərin azaldığını qeyd ediblər.
Respondentlərin 75 faizi özəl tibb müəssisəsinə birbaşa müraciət edərkən ödənişin 20%-ə qədərini cibdən ödəməyə razı olduqlarını bildiriblər. Bu, əhalinin müəyyən bir hissəsinin belə bir ödəniş modelini qəbul etməyə açıq olduğunu göstərir. Hazırda hissəvi ödəniş sistemi mövcud olmasa da, gələcəkdə bu mövzu ilə bağlı müxtəlif mexanizmlərin tətbiqi və ya müzakirəsi mümkündür", - deyə o əlavə edib.