...

Müasir rəqəmsal sərhəd platformaları Azərbaycana beynəlxalq bazarlarda əməkdaşlığı gücləndirməyə imkan verəcək - Şahmar Mövsümov

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2024 11:40 (UTC +04:00)
Müasir rəqəmsal sərhəd platformaları Azərbaycana beynəlxalq bazarlarda əməkdaşlığı gücləndirməyə imkan verəcək - Şahmar Mövsümov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Müasir nəqliyyat dəhlizləri və rəqəmsal sərhəd platformaları Azərbaycana beynəlxalq bazarlarda, o cümlədən Avropa İttifaqı və digər regionlarla əməkdaşlığı gücləndirmək imkanı yaradır.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Bakıda keçirilən Gömrük-Biznes Forumunda deyib.

“Gömrük biznes-əməliyyatlarının gücləndirilməsi, qarşılıqlı fəaliyyət mədəniyyətinin yaradılması və etibarlı tərəfdaşlıq prinsiplərinin tətbiqi gömrük əməliyyatlarının səmərəliliyini artırmaq üçün vacibdir. Bu yanaşmaların əsas məqsədi biznes və gömrük orqanları arasında açıq dialoq və əməkdaşlığı təmin etmək, ticarət qaydalarını sadələşdirmək, islahatlar həyata keçirmək və məsul tərəfdaşları həvəsləndirməkdir. İdxal və ixrac proseslərinin aktivləşdirilməsi artım üçün böyük imkanlar yaradır. Bürokratik tələblərin azaldılması və proseslərin sürətləndirilməsi ixracı daha səmərəli edir və ölkəmizin beynəlxalq ticarətdəki mövqeyini möhkəmləndirir. Bu sahədə bizneslə dialoq xüsusi əhəmiyyət kəsb edir. Aktual məsələləri müzakirə etməklə həm sahibkarlar, həm də gömrük orqanları üçün ən optimal proseslər müəyyən edilə bilər”, - deyə o bildirib.

Ş.Mövsümovun sözlərinə görə, sahibkarlarla gömrük orqanları arasında daha sıx və məhsuldar əməkdaşlıq ticarət əməliyyatlarının sadələşdirilməsinə və artım üçün yeni imkanların yaradılmasına töhfə verir.

“Etibarlı tərəfdaşlıq prinsiplərinin tətbiqi biznes və gömrük orqanları üçün qarşılıqlı faydalıdır və ticarət zəmanətlərini sürətləndirir. Müasir dəhlizlər və rəqəmsal sərhəd platformaları gömrük prosedurlarını yeni səviyyəyə qaldıraraq sürət və etibarlılığı təmin edir, bu da Azərbaycana beynəlxalq bazarlarda, xüsusən də Aİ və digər regionlarla əməkdaşlığı gücləndirmək imkanı verir. Biznes və gömrük orqanları arasında şəffaflıq və etimadın artırılması yeni texnologiyalar və süni intellektin istifadəsi olmadan mümkün deyil. Şübhəsiz ki, belə yanaşmalar ölkəmizin xarici ticarət proseslərini təkmilləşdirəcək və biznesin mövqeyini gücləndirəcək. Sonda vurğulamaq istəyirəm ki, islahatlar davam edəcək və əminik ki, Azərbaycanın gömrük sahəsi dünya üçün nümunə olacaq”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti