Bakı. Trend:
İşğaldan azad olunmuş ərazilərimizdə sürətli quruculuq işlərinin davam etdirilməsi, Böyük Qayıdış prosesinin intensivləşməsi ilə yanaşı, paytaxt Bakının müstəqillik tariximizin ən böyük, qlobal miqyaslı tədbirinə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsi dövlətimizin artan nüfuzunun və lider mövqeyinin göstəricisi olub.
Trend xəbər verir ki, bu
barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru
Əhməd İsmayılov “Media Savadlılığı” konfransında çıxışı zamanı
deyib.
O qeyd edib ki, Azərbaycanın dinamik ictimai mühiti, dövlətimizin
dünyanın diqqət mərkəzinə çevrilməsi ilk növbədə Azərbaycan
mediasının fəaliyyətinə ciddi təsir göstərmiş, onun tək ölkə
daxilində deyil, eyni zamanda beynəlxalq media gündəminin
formalaşdırılmasında peşəkar fəallığını artırması üçün ciddi
informasiya əsası yaradıb.
“COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda
nüfuzunun günü-gündən artmasının, regional və qlobal layihələrin
həyata keçirilməsində öz üzərinə yeni rol və məsuliyyət
götürməsinin növbəti təzahürü idi.
BMT tərəfindən dünyanın bir nömrəli qlobal problemi hesab edilən
iqlim dəyişikliklərinə həsr olunmuş COP29-un effektiv
işıqlandırılması, onun mahiyyəti və əhəmiyyəti barədə cəmiyyətin
dolğun məlumatlandırılması baxımından səmərəli media və
kommunikasiya mexanizminin qurulması ictimai rəyin düzgün
formalaşdırılması üçün müstəsna əhəmiyyət daşıyırdı.
Apardığımız təhlillər göstərir ki, Azərbaycanın bütün media
subyektləri müstəqillik tariximizin ən böyük tədbiri zamanı yüksək
peşəkarlıq nümayiş etdirmiş, həm yerli, həm də xarici auditoriyanın
informasiya ilə təmin edilməsində səylərini əsirgəməyiblər.
Fürsətdən istifadə edərək, COP29 zamanı peşəkar fəaliyyətlərini yüksək səviyyədə yerinə yetirmiş jurnalistlərimizi bir daha təbrik edir, təşəkkürümüzü bildiririk!”,- deyə o bildirib.