Ağdərə. Trend:
Ağdərədə minaya düşən şəxs ixtisaslı tibbi yardımın göstərilməsi üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Trend-in yerli müxbirinin xəbərinə görə, pasiyentin sağ aşıq baldırının travmatik amputasiyası əməliyyatı icra olunub.
Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.
xxx
21:14
Mayın 30-da Tərtər rayonunun Qızıloba kəndi ərazisində mina hadisəsi baş verib.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
Bildirilib ki, Tərtər rayonu, Yuxarı Qaradağlı kənd sakini 1978-ci il təvəllüdlü Hüseynov Telman Əhməd oğlu keçmiş təmas xəttiində minalardan təmizlənməmiş Qızıloba kəndi ərazisində heyvan otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb. Xəsarət alan şəxs sağ ayağın pəncə hissəsinin cırılmış dağılmış yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!
xxx
20:48
30.05.2025-ci il saat 19:30 radələrində Tərtər rayonu Qaradağlı kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1 nəfər (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilir ki, 1978-ci il təvəllüdlü şəxsə sağ ayağın pəncə nahiyəsinin parçalanmış, didilmiş yarası diaqnozu təyin edilib.
"Hazırda müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir", - qurumdan qeyd olunub.
xxx
19:40
Ağdərədə minaya düşən şəxs hadisə yerindən təxliyə olunaraq aidiyyəti üzrə təhvil verilib.
Trend-in yerli müxbirinin xəbərinə görə, 1978-ci il təvəllüdlü Telman Hüseynov Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Bildirilir ki, onun ayağının biri amputasiya olunub.
xxx
19:31
Ağdərə ərazisində mülki şəxs minaya düşüb.
Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Qırmızı kənd ərazisində baş verib.
Belə ki, Tərtər Rayon Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidə mal - qara otararkən minaya düşüb.
Hazırda yaralının ərazidən götürülməsi üçün işlər aparılır.