Bakı. Trend:
İyunun 1-də beşinci “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin İdarəetmə bacarıqları imtahanı başlayıb.
Trend xəbər verir ki, Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bildirib ki, cənab Prezident İlham Əliyevin Sərəncamı ilə keçirilən “Yüksəliş” müsabiqəsi qara qızılın insan kapitalına çevrilməsi istiqamətində atılmış əsas addımlardan biridir. Eyni zamanda, bu müsabiqə innovativ yanaşmalara əsaslanan, şəffaf və obyektiv seçim mexanizmi ilə ölkənin Kadr Bankının formalaşdırılmasına xidmət edən strateji addımdır.
İmtahan Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda 2 sessiya olmaqla keçirilir. İdarəetmə bacarıqları üzrə imtahanda Analitik təhlil imtahanından uğurla keçən 1478 nəfər iştirak edib. Burada iştirakçılara 2 hissədən ibarət olmaqla situasiya mühakimə və emosional zəka testləri təqdim olunub. Sualları cavablandırmaq üçün iştirakçılara ümumilikdə 3 saat 45 dəqiqə vaxt ayrılıb.
“Yüksəliş” müsabiqəsinin beynəlxalq standartlara uyğun şəkildə təşkil olunmasının daha bir göstəricisi isə xaricdə yaşayan iştirakçılar üçün yaradılmış distant imtahan imkanıdır. Bu namizədlər üçün imtahan proktorinq üsulu ilə, onlayn formatda və iki sessiyada təşkil edilib. Hər bir iştirakçı şəxsiyyət vəsiqəsi ilə elektron qeydiyyatdan keçərək QR-kod vasitəsilə imtahan zalına daxil olub, bu isə imtahanın təhlükəsizlik və şəffaflıq səviyyəsini artıran əsas texnoloji yeniliklərdəndir.
Qeyd edək ki, müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları T-şkala ilə hesablanacaq. T-şkalası bir çox məşhur beynəlxalq imtahanlarda (TOEFL, GMAT, SAT və s.) tətbiq olunan üsuldur. Nəticələrin hesablanmasında istifadə edilən bu üsul bütün dünyada ən qabaqcıl və ədalətli metod hesab olunur.
İdarəetmə bacarıqları imtahanının nəticələri imtahan bitdikdən sonra 5-7 iş günü ərzində iştirakçılara hesabat şəklində göndəriləcək.
Əyani mərhələni uğurla başa vuran iştirakçılar müsabiqənin yarımfinal mərhələsinə vəsiqə qazanacaq. Yarımfinal və final mərhələlərinin yekunlaşması ilə beşinci “Yüksəliş” müsabiqəsi başa çatacaq.
Xatırladaq ki, bu il “Yüksəliş” müsabiqəsinə rekord sayda müraciət daxil olaraq ümumilikdə 16553 namizəd qeydiyyatdan keçmişdir. Onlardan 7256 nəfər Ümumi biliklər mərhələsini uğurla keçərək Analitik təhlil imtahanında iştirak etmişdir. Növbəti addımda isə 1478 namizəd əyani mərhələnin son turu olan İdarəetmə bacarıqları imtahanında iştirak hüququ qazanıb.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.
Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.