Bakı. Trend:
Bu gün səhər saatlarında İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Zahidan-Zabol istiqamətində baş verən zəncirvari qəzada 46 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, bunu İranın Zabol Tibb Elmləri Universitetinin rektoru Hüseyn Şəhdadi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, qəzada xəsarət alan 36 nəfərə ambulator xidmət göstərilib, 10 nəfər isə xəstəxanalara köçürülüb.
Şəhdadi bildirib ki, hadisəyə səbəb vilayətdə baş verən qum fırtınasıdır. Bununla əlaqədar vilayətdə xidmətlərin göstərilməsində ləngimələr yaranır.
Qeyd edək ki, İranın Sistan və Bəluçestan vilayəti yol və nəqliyyat idarəsi güclü qum fırtınasının baş verməsi səbəbi ilə Zabol-Zahidan magistral yolunda hərəkəti naməlum müddətədək məhdudlaşdırıb.