Bakı. Trend:
ABŞ-nin fəaliyyəti, o cümlədən çip ixracına nəzarət üzrə yeni qaydalar və tələbə vizalarının ləğvi ilə bağlı təhdidlər Vaşinqton və Pekin arasında əldə olunan razılaşmaları pozur və Çinin maraqlarına zərər vurur.
Trend xəbər verir ki, “Associated Press” agentliyinin məlumatına görə, bu ifadələr Çinin Ticarət Nazirliyinin bəyanatında yer alıb.
“Birləşmiş Ştatlar ikitərəfli iqtisadi və ticarət əlaqələrinin qeyri-müəyyənliyini və qeyri-sabitliyini dərinləşdirir, iqtisadi və ticarət sahələrində yeni fikir ayrılıqlarına səbəb olur. Vaşinqtonun fəaliyyəti ötən ay Cenevrə görüşündə əldə edilən konsensusa ziddir”, - deyə bəyanatda bildirilir.
Pekinin saziş çərçivəsində üzərinə düşən öhdəliyi yerinə yetirdiyini, ABŞ-ın isə müqavilənin şərtlərini pozduğunu iddia edən Çinin Ticarət Nazirliyi Vaşinqtonu “qətiyyətli tədbirlər”lə hədələyib.
Xatırladaq ki, mayın 12-də Cenevrədə Pekin və Vaşinqton nümayəndə heyətləri arasında iqtisadi və ticarət danışıqları keçirilib. Görüşün nəticələri həm Çinin Dövlət Şurası, həm də Ağ ev tərəfindən yüksək qiymətləndirilib.
Danışıqlardan sonra Prezident Donald Tramp Çinə qarşı tətbiq edilən 145 faizlik tarifləri 30 faizə endirməyə razılaşıb. Pekin isə buna cavab olaraq ABŞ mallarına tətbiq olunan rüsumları 125 faizdən 10 faizə endirəcəyini vəd edib.
Mayın 30-da Donald Tramp Çini sazişi pozmaqda günahlandırıb. Həmçinin ötən həftə Ağ ev xarici tələbələr, o cümlədən Çin vətəndaşları üçün vizaların mümkün ləğvini elan edib. Qeyd edək ki, hazırda Birləşmiş Ştatlarda 300 minə yaxın çinli tələbə təhsil alır.