Bakı. Trend:
bp, SOCAR və TPAO bu gün TPAO-nun Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şəfəq-Asiman dəniz blokuna dair hasilatın pay bölgüsü sazişinə (HPBS) qoşulmasına imkan verən bir neçə saziş imzaladılar.
Trend bp şirkətinə istinadən xəbər verir ki, bu razılaşma layihəni irəli aparacaq ən uyğun variantın müəyyənləşdirilməsi üçün blokun bundan sonrakı qiymətləndirilməsini sürətləndirməyə kömək edəcək.
Bu məqsədlə Aşağı Suraxanı layına bir quyunun qazılması da daxil olmaqla əlavə qiymətləndirmə işləri həyata keçiriləcək. Bu fəaliyyətlərə imkan yaratmaq üçün HPBS-nin kəşfiyyat dövrü uzadılacaq.
Razılaşma üzrə işlərin 2025-ci ilin üçüncü rübünün sonunadək başa çatacağı gözlənilir. Razılaşma yekunlaşdıqdan sonra TPAO HPBS-də ümumilikdə 30% iştirak payına sahib olacaq — bunun 15%-i bp-dən, 15%-i isə SOCAR-dan TPAO-ya veriləcək. Hazırda bp və SOCAR HPBS-də hər biri 50% iştirak payına malikdir.
bp kəşfiyyat dövrü üçün HPBS-nin operatoru olaraq qalacaq.
Sənədlərin rəsmi imzalanması bu gün Bakı Enerji Həftəsi çərçivəsində baş tutub.
SOCAR-ın prezidenti Rövşən Nəcəf qeyd edib:
“TPAO-nun Şəfəq-Asiman tərəfdaşlığına qoşulmasından çox məmnunuq. Bu strateji əməkdaşlıq Azərbaycanın dəniz ehtiyatlarının qiymətləndirilməsi və mümkün işlənməsini irəli aparmaq üçün regional tərəfdaşlıqların əhəmiyyətini bir daha vurğulayır. bp və TPAO ilə birlikdə məqsədimiz qiymətləndirmə prosesini sürətləndirməklə nəticədə enerji təhlükəsizliyini artırmaq və bütün maraqlı tərəflərə əlavə dəyər gətirməkdir".
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib:
“Operator olaraq, Şəfəq-Asiman layihəsini irəli aparmaq üçün TPAO ilə əməkdaşlıq imkanından çox məmnunuq. Bu əməkdaşlıq bizə bu perspektivli strukturda kəşfiyyat və qiymətləndirmə işlərini sürətləndirməyə kömək edəcək əlavə texniki və maliyyə imkanları gətirəcək. Bu, bütün tərəflərin Xəzərdə Azərbaycanın neft və qaz ehtiyatlarının tam potensialını daha geniş əməkdaşlıq və investisiyalar vasitəsilə açmaq istəyini bir daha nümayiş etdirir”.
TPAO-nun idarə heyətinin sədri və baş icraçı direktoru Ahmet Türkoğlu bildirib:
“Bu gün regional enerji əməkdaşlığımızda mühüm bir mərhələni qeyd edirik. SOCAR və bp ilə yanaşı Şəfəq-Asiman tərəfdaşlığına qoşulmaqla, Türkiyə Petrolleri ölkələrimiz və daha geniş region üçün təhlükəsiz, şaxələndirilmiş və dayanıqlı enerji gələcəyi qurmaq öhdəliyini bir daha təsdiqləyir.Bu əməkdaşlıq SOCAR-ın geniş yerli təcrübəsini, bp-nin qabaqcıl texnologiyasını və TPAO-nun dəniz sahəsindəki təcrübəsini bir araya gətirir. Birlikdə Xəzər dənizindəki bu perspektivli strukturun tam potensialını üzə çıxarmaq məqsədimiz var.Geoloji kəşfiyyatdan başqa, bu tərəfdaşlıq həm də məşğulluq imkanları kimi əlavə dəyərlər yaradacaq və Cənub Qaz Dəhlizinin əhəmiyyətini artırmaqla regional sabitliyə, enerji təhlükəsizliyinə və uzunmüddətli iqtisadi artıma töhfə verəcək.Türkiye Petrolleri olaraq, bütün regionun inkişafı və dayanıqlılığı ilə bağlı birgə istəyimizi həyata keçirmək üçün SOCAR və bp ilə yanaşı durmaqdan qürur duyuruq”.
Bu günə qədər blokda aparılmış geoloji kəşfiyyat işlərinə 3D seysmik tədqiqatın aparılması, əldə edilmiş məlumatların emalı və interpretasiyası, həmçinin bir kəşfiyyat quyusunun (SAX01) qazılması daxildir. 2021-ci ildə tamamlanmış SAX01 quyusu 7189 metr dərinliyə çatmaqla Fasilə lay dəstinin əsasınadək qazılmış və keçilən laylarda qaz-kondensat ehtiyatlarının mövcudluğunu təsdiqləmişdi. Daha sonra quyu əlavə qiymətləndirmə işlərinin aparılması və növbəti fəaliyyətlərin planlaşdırılması üçün bağlanmışdı.
Qeyd edək ki, bp ilə SOCAR arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şəfəq-Asiman dəniz blokunun birgə kəşfiyyatı və işlənməsi üzrə HPBS 2010-cu ilin oktyabr ayında Bakıda imzalanıb. Şəfəq-Asiman dəniz bloku Bakıdan təxminən 125 kilometr cənub-şərqdə suyun dərinliyi 650-800 metr olan bir ərazidə yerləşir. Blok Şahdənizdən 60 km, Səngəçal terminalından isə 145 km-lik məsafədə yerləşir.
Müqavilə sahəsində 3D seysmik məlumatların toplanması proqramı 2012-ci ildə həyata keçirilib. Seysmik məlumatların interpretasiyası 2015-ci ildə başa çatıb, bundan sonra kəşfiyyat quyusunun qazılacağı yer seçilib və qazma işlərinin planlaşdırılması aparılıb. SAX01 kəşfiyyat quyusunun qazılması 2020-ci ilin yanvarında başlayıb və 2021-ci ilin martında bitib.