Bakı. Trend:
MVM şirkəti SOCAR-la uzunmüddətli müqavilənin bağlanmasına can atır
Trend xəbər verir ki, bunu “MVM CEEnergy”nin baş direktoru Qabor Orban Bakı Enerji Forumunda etdiyi çıxışda deyib.
“Biz Azərbaycan qazını boru kəməri ilə Macarıstana idxal edən və fiziki olaraq nəql edən ilk Mərkəzi Avropa ticarət şirkəti olmağımızla qürur duyuruq. Bu, qısamüddətli bir müqavilə idi, lakin biz bunu strateji tərəfdaşlıq kimi qiymətləndiririk. Hazırda SOCAR ilə uzunmüddətli müqavilənin bağlanması üzərində işləyirik. Lakin əlavə şərtlər olmadan müqavilənin müddəti və ya davamlılığı barədə danışmaq çətindir”, – deyə Orban bildirib.
Onun sözlərinə görə, əvvəllər MVM-in uzunmüddətli müqavilələri orta hesabla 30 illik müddəti əhatə edirdi.
“Hazırda bizim 15 illik müqaviləmiz var və bu, uzunmüddətli sayılır. Biz eyni zamanda 5 və 10 illik müqavilə bağlamaq imkanlarını da araşdırırıq – bunlar da uzunmüddətli kateqoriyaya daxildir”, - deyə “MVM CEEnergy” şirkətinin baş direktoru əlavə edib.