Bakı.Trend:
Azərbaycan regional enerji keçidində strateji rol oynamaq üçün əlverişli mövqe tutmaqdadır.
Bunu Trend-ə “Boston Consulting Group” (idaretmədə konsaltinq sahəsi üzrə ixtisaslaşmış, baş ofisi ABŞ-də yerləşən və konsaltinq şirkətlərinin “böyük üçlüyü” sırasında yer alan beynəlxalq şirkət) Enerji Tədqiqatları Mərkəzinin təsisçisi Rebekka Fitz Bakı Enerji Həftəsi çərçivəsində özəl müsahibəsində deyib.
“Məni Azərbaycanın külək və günəş enerjisi sahəsindəki potensialı valeh etdi. Potensial investisiyalar kifayət qədər böyük və əhəmiyyətlidir – bu, vacib və transformativ rol oynaya biləcək cəlbedici bir fürsətdir. Burada çox şey investisiyaların və kapitalın cəlb olunmasından asılı olacaq. Bunun üçün onu bilməliyik ki, investorlar adətən sabit və uzunmüddətli qaydalarla tənzimlənən regionlara üstünlük verir. Azərbaycanın neft-qaz sektorunda sabitlik təmin etmək sahəsində çox güclü təcrübəsi var. Bu konfransda bir çox iştirakçı bu sabitliyin və tərəfdaşlıq münasibətlərinin nə qədər dayanıqlı və konstruktiv olduğunu dəfələrlə vurğulayıb”, – deyə o bildirib.
Fitz qeyd edib ki, külək və günəş enerjisi hələ də nisbətən yeni istiqamətlərdir və bir çox ölkələr özünün üstünlük verdiyi uzunmüddətli tənzimləyici bazasını formalaşdırmaq mərhələsindədir.
“Investorlar üçün belə sabit və uzunmüddətli çərçivənin mövcudluğu həlledici əhəmiyyət daşıyır. Əks halda, onlar kapital yatırmağa həvəs göstərməyəcəklər. Başqa bir nüans, xüsusilə də külək enerjisi sahəsində ilkin kapital xərcləri çox yüksək olmasıdır. Buna görə də kapital yatırımlarını stimullaşdırmaq son dərəcə vacibdir. Bunun üçün bir neçə mümkün mexanizm mövcuddur. Birincisi, bir çox ölkələr bərpa olunan enerji mənbələrinə investisiyaları təşviq etmək üçün subsidiyalar və stimullar tətbiq edir. Bu, ümumi mənzərənin mühüm tərkib hissəsidir. Mən elə bir ölkə tanımıram ki, genişmiqyaslı BƏM tətbiqinə subsidiyalar və stimullar olmadan başlasın. Həmçinin bu dəstək mexanizmlərinin zamanla sabitliyini təmin etmək də vacibdir. Əgər bir ölkə tez-tez dəstək tədbirlərini dəyişirsə, bu, investisiya cəlbediciliyini azaldır. Kapital cəlb etmək üçün həll yolunun bir hissəsi, yəqin ki, düzgün stimul sisteminin yaradılması olacaq”, – deyə o vurğulayıb.
Fitz əlavə edib ki, daha bir mühüm məqam COP29 nəticələri ilə bağlıdır. Bu çərçivədə ölkələr inkişaf etməkdə olan ölkələrin enerji sahəsinə 300 milyard ABŞ dolları məbləğində investisiya ayırmaq barədə razılığa gəliblər və bu, ümumi 1,3 trilyon dollarlıq maliyyə paketinin bir hissəsidir.
“Bu vəsaitlərə çıxış əldə etmək hər zaman asan olmur. Bu prosesi düzgün şəkildə idarə etməyi və maliyyəni səmərəli istifadə etməyi bacaran şirkətlər əsl rəqabət üstünlüyü əldə edirlər – məhz bu amil həmin investisiyaların dəyərini üzə çıxarmağa imkan verir. Hesab edirəm ki, COP29-un yekun sənədindəki bəzi müddəalar kapitalın cəlb olunması məsələsində kömək edə bilər”, – deyə o qeyd edib.
“Üçüncü vacib sahə isə elektrik şəbəkələrinin infrastrukturu və onların inteqrasiyasıdır. Bu məsələ bir çox ölkədə bərpa olunan enerji mənbələrinin tətbiqinin artması fonunda çətinliklər yaradır. Dünya üzrə elektrik şəbəkələrimizin BƏM-in daha dəyişkən generasiyasına uyğunlaşa bilməsi üçün investisiyaya ehtiyacı var. Şəbəkəkələrin özünə və onların inteqrasiyasına böyük yatırımlar qoyulmalıdır ki, onlar mərkəzləşdirilmiş idarəetməyə tabe olmayan elektrik enerjisi ilə işləyə bilsin. Bu, bərpa olunan enerji sahəsində tez-tez dəyərləndirilməyən, lakin çox əhəmiyyətli bir tələbatdır. Bir çox hökumətlər və şirkətlər əsas diqqəti istehsal gücünün artırılmasına yönəldirlər, lakin şəbəkə və inteqrasiya mexanizmləri paralel inkişaf etməzsə, təkcə generasiya gücünün effektivliyi məhdud olacaq.
Azərbaycanda da ehtimal olunur ki, elektrik şəbəkəsi sistemin tələbləri baxımından hələ kifayət qədər inkişaf etməyib. Bunu bir çox ölkədə müşahidə edirik: şəbəkələrin əlavə investisiyalara ehtiyacı var”, - deyə Fitz vurğulayıb.
Azərbaycanın “yaşıl” enerji dəhlizlərinin yaradılması ilə bağlı təşəbbüsləri
“Mən hesab edirəm ki, Qara dənizin dibi ilə kabel çəkilişi layihəsi həm regional, həm də qlobal məqsədlərə cavab verdiyi üçün strateji baxımdan son dərəcə önəmlidir. Əgər layihə uğurla həyata keçirilərsə, bu, mühüm strateji uğur olacaq. Avropa ölkələri Rusiya karbohidrogenlərindən asılılığı azaltmağa çalışır və bu, Azərbaycanın strateji əhəmiyyətini daha da artırır. Eyni zamanda, bu ölkələr yaşıl enerji sahəsində iddialı hədəflər qarşıya qoyublar. Əgər bu dəhliz 'yaşıl elektronların' ötürülməsi üçün istifadə olunsa, o zaman həm enerji mənbələrinin şaxələndirilməsinə, həm də karbonsuzlaşdırma hədəflərinə nail olunmasına vasitəçilik edə bilər.Bu onu son dərəcə strateji və potensial olaraq transformativ bir təşəbbüsə çevirir”, - deyə Fitz bildirib.
O, transsərhəd əlaqələndirmənin hələ də əsas problemlərdən biri olaraq qaldığını vurğulayıb.
“Layihədə həm dövlətlər, həm də özəl şirkətlər tərəf kimi iştirak edir. Bu isə layihənin həyata keçirilmə mürəkkəbliyini artırır. Mürəkkəblik nə qədər yüksək olarsa, adətən dəyəri də bir o qədər artır və icra müddəti uzanır. Bu baxımdan, layihənin bütün mərhələlərinə nəzarəti təmin edəcək və prosesi sadələşdirəcək səmərəli idarəetmə modelinin müəyyən olunması çox vacibdir,”- deyə o bildirib.
Azərbaycan–Özbəkistan–Qazaxıstan marşrutu üzrə ixraca yönəlmiş “yaşıl” enerji dəhlizi layihəsinə toxunan Fitz bu təşəbbüsün böyük perspektivlər açdığını söyləyib.
“Enerji dəhlizlərinin və daha sıx qarşılıqlı əlaqələrin mövcudluğu həm daxili, həm də xarici tələbatın qarşılanmasına kömək edir. Mən, həmçinin deyərdim ki, bu bu Qara dəniz dəhlizinə də aiddir – süni intellekt və məlumat mərkəzlərinə (data-centers) artan marağı xüsusi vurğulamaq istərdim. Məlumat mərkəzləri nəhəng enerji istehlakçılarıdır. Onların harada yerləşdiriləcəyinə qərar verərkən ilk növbədə enerjinin haradan daxil olacağını götür-qoy etmək lazımdır. Hesab edirəm ki, region ölkələrini birləşdirən və onları Avropaya bağlayan bu cür layihələr həm uzaqgörən, həm də innovativ təşəbbüslərdir. Region getdikcə məlumat mərkəzləri üçün perspektivli məkana çevrildikcə, bu cür qarşılıqlı inteqrasiya gələcəkdə artacaq enerji tələbatını qarşılamaq üçün mühüm əhəmiyyət daşıyacaq,” -deyə o qeyd edib.
Fitz əlavə edib ki, dünya enerji keçidi mərhələsindədir və bu keçiddə karbohidrogenlər hələ də mühüm rol oynayır.
“Azərbaycanın dünya bazarları ilə sıx əlaqəsi və regional enerji mərkəzi kimi mövqeyi kontekstində, karbohidrogenlər hələ də ümumi həllin bir hissəsidir. Əsas məsələ neft portfelində tullantıların azaldılmasına fokuslanmaqdır. Azərbaycan bir çox ölkələrlə müqayisədə daha aşağı karbon izi olan neft istehsal etdiyi üçün üstünlüyə malikdir. Dünyada neftə tələbat yüksək olaraq qalırsa, daha 'təmiz' neft keçid mərhələsində əhəmiyyətli rol oynaya bilər. Neftlə yanaşı, təbii qaz da həlledici əhəmiyyət daşıyır və son on ildə Azərbaycanda investisiya baxımından əsas diqqət mərkəzində olub. Bəli, qazın istismarı metan emissiyaları ilə müşayiət olunur, lakin düzgün idarəetmə ilə bu, ümumi karbon izinin azalmasına töhfə verə bilər. Bir çox ölkələr kömürdən qaz istifadəsinə keçməklə emissiyaları əhəmiyyətli dərəcədə azalda biliblər. Beləcə, dünyada qaz keçidinə dəstək vermək – Azərbaycanın artıq uğurla həyata keçirdiyi – başqa bir strateji platformadır.
Dayanıqlı enerji ekosisteminin üçüncü dayağı aşağı karbon texnologiyalarına investisiyalardır – ilk növbədə külək və günəş enerjisinə, eyni zamanda gələcəkdə tələbat yarana biləcək digər aşağı emissiyalı istiqamətlərə. Təmiz neft, daha çox qaz və bərpa olunan enerji mənbələrinin genişləndirilməsi üçün effektiv modelin axtarışı – enerji sektorunun uzunmüddətli perspektivdə aktual qalması üçün möhkəm təməldir”,- deyə Fitz yekunlaşdırıb.