Bakı. Trend:
Danimarkanın paytaxtı Kopenhagendə 28 May – Azərbaycanın Müstəqillik Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümünə həsr olunan daha bir tədbir keçirilib.
Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, “MusikTeatret Albertslund” Mədəniyyət Mərkəzində Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə yerli sakinlərlə yanaşı, qonşu İsveçin müxtəlif şəhərlərindən gələn 70-dən çox diaspor nümayəndəsi, eləcə də həmin ölkədə akkreditə olunan diplomatlar iştirak ediblər.
“Vətən” Cəmiyyətinin sədri Mehriban Əliyeva 28 May tarixini müstəqillik tariximizin şanlı səhifəsi, xalqımızın milli iradəsinin təntənəsi adlandıraraq, Şərqdə ilk demokratik və dünyəvi respublikasının yaranmasının qürurla qeyd edildiyini bildirib.
O, çıxışında Ümummilli Lider Heydər Əliyevin tarixi fikirlərini də xatırladıb: “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır. Yaşasın güclü, müstəqil Azərbaycan!”
Azərbaycanın İsveç Krallığındakı Səfirliyinin birinci katibi Əsgər Nağıyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında geniş məlumat verib. O qeyd edib ki, məhz həmin dövrdə demokratiyanın, insan haqlarının, hüquq sisteminin təməli qoyulub.
Tədbir çərçivəsində 1918-ci ildə Milli Şuranın Tiflisdə keçirilmiş iclasını və Azərbaycan Xalq Cümhuriyyətinin tarixini əks etdirən “Son iclas” tarixi-bədii filmi nümayiş olunub.
Daha sonra tədbir Bakı Musiqi Akademiyasının, eləcə də Frankfurt-Mayn Ali Musiqi və Teatr Məktəbinin məzunu, hazırda İsveçdə yaşayan Aynur Məlikovanın ifasında bədii konsert proqramı ilə davam edib. İştirakçılar Azərbaycan musiqisinin zənginliyindən və dərinliyindən böyük zövq alıblar.
Tədbirin sonunda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə də uşaqlara təbriklər çatdırılıb, “Azərbaycan” şeiri səsləndirilib.