Bakı. Trend:
Bu gün biz enerji istehsalı və elektrik şəbəkələrinin infrastrukturu baxımından ciddi diqqət və qərarlı fəaliyyət tələb edən dönüş nöqtəsində dayanırıq. Enerjiyə artan qlobal tələbat bizdən yalnız enerjini necə istehsal etdiyimizi deyil, həm də onu necə çatdırdığımızı yenidən düşünməyi tələb edir. Sabahın dünyasını enerji ilə təmin etmək qabiliyyətimiz bizim dekarbonizasiya, innovasiya, dayanıqlılıq və iqtisadi artım öhdəliklərimizdən asılıdır.
Trend xəbər verir ki, bunu İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov 30-cu Yubiley “Baku Energy Forum” çərçivəsində keçirilən "Elektrik Enerjisinin İstehsalı və Şəbəkə İnfrastrukturunun İnkişafı: Gələcəyin Enerji Təchizatı" sessiyasında çıxışında deyib.
O bildirib ki, hazırda Azərbaycanın enerji istehsal gücü 8 gigavattı ötür:
"Bugünkü istehsal gücünün böyük hissəsi ənənəvi, qazla işləyən istilik elektrik stansiyalarından gəlir. Amma bu vəziyyət tezliklə dəyişəcək. Cəmi növbəti iki il ərzində yeni qoyulacaq güclərin 30%-dən çoxu bərpaolunan enerji mənbələrindən olacaq. Bu, sadəcə başlanğıcdır. Azərbaycan bərpaolunan enerji baxımından böyük potensiala malikdir. Texniki potensial onşor üzrə 135 gigavatt, ofşor üzrə isə 157 gigavatt təşkil edir. İqtisadi potensial isə onşor üzrə 27 gigavatt, ofşor üzrə isə 38 gigavatt səviyyəsindədir.
Bu potensialı reallaşdırmaq üçün bir sıra layihələr artıq icra olunur. Növbəti illərdə bu sahədə davamlı və əhəmiyyətli artım gözlənilir".
Sədr vurğulayıb ki, 2024-cü ildə qlobal bərpaolunan enerji sektoru tarixi mərhələni geridə qoydu – il ərzində əlavə olunan bütün güclərin 90%-dən çoxu bərpaolunan mənbələrdən oldu:
"Bunu təkrar etmək istərdim: ötən il əlavə olunan yeni güclərin əksəriyyəti – 90%-dən çoxu bərpaolunan enerjiyə aiddir. Bu, həm təsirli, həm də ümidvericidir və qlobal dəyişikliyi əks etdirir.
Azərbaycanın bərpaolunan enerji potensialını nəzərə alsaq, burada da oxşar dəyişikliklərin olacağına inanıram. Yeni istehsal gücləri əsasən məhz bərpaolunan mənbələrdən gələcək və ənənəvi enerji növlərini üstələyəcək.
Lakin bu keçidin uğuru elektrik şəbəkəsinin sabitliyindən və gücündən asılıdır. Böyük həcmdə bərpa olunan enerjinin şəbəkəyə inteqrasiyası üçün etibarlı ötürücü infrastruktur vacibdir".
S.Axundovun sözlərinə görə, Azərbaycanda ötürücü şəbəkə dövlətə məxsus enerji müəssisəsinə aiddir və bu qurum eyni zamanda elektrik enerjisinin istehsalı və dispetçer xidmətinə cavabdehdir:
"Ötürücü şəbəkə 110 kV-dan başlayaraq 500 kV-a qədər olan xətləri əhatə edir. 110 kV-dan aşağı olan şəbəkə isə digər dövlət müəssisəsi – “Azərişıq” ASC tərəfindən idarə olunur.
Azərbaycan həmçinin qonşu ölkələrlə – şimalda Rusiya və Gürcüstan, qərbdə Türkiyə, cənubda isə İranla elektrik əlaqəsinə malikdir. Hazırda şəbəkədə tıxanma və ya resurs çatışmazlığı müşahidə olunmur. Lakin beynəlxalq konsaltinq şirkətlərinin tədqiqatlarına əsasən, böyük həcmdə bərpaolunan enerjinin inteqrasiyası üçün şəbəkənin gücləndirilməsi vacibdir.
Bu məqsədlə hazırda yeni yarımstansiyaların, ötürücü xətlərin tikintisi, mövcud infrastrukturun genişləndirilməsi və batareya enerji saxlama sistemlərinin (BESS) yaradılması üzrə layihələr həyata keçirilir".
"Günəş və külək enerjisi təbiəti etibarilə dəyişkəndir, yəni sabit deyil. Onların inteqrasiyası zamanı batareya sistemləri mühüm rol oynayır. Bu sistemlər pik saatlarda yükün azaldılması, tezliyin tənzimlənməsi və enerji itkisini minimuma endirməklə sabitliyi təmin edir. Bu xüsusilə xarici investorlarla imzalanan PPA müqavilələri çərçivəsində vacibdir. Müqavilələrdə müəyyən qədər enerji kəsintisinə icazə verilsə də, bu səviyyə artarsa, istifadə olunmayan enerjiyə görə kompensasiya öhdəlikləri yaranır. Batareya sistemləri artıq enerjini saxlamaqla bu riskləri azaldır.
Bundan əlavə, batareyalar şəbəkənin tezlik sabitliyini qorumaq baxımından həyati əhəmiyyətə malikdir. Tezlik itirilsə, şəbəkə çökə və “blackout” – ümumi elektrik kəsilməsi baş verə bilər. Bu səbəbdən, 2027-ci ilə qədər planlaşdırılan 2 giqavatlıq bərpaolunan enerji inteqrasiyasından əvvəl ilk prioritet batareya saxlama sistemlərinin yaradılmasıdır. 250 meqavattlıq ilk batareya layihəsi artıq işə salınıb və hazırda icra mərhələsindədir", - S. Axundov qeyd edib.