Bakı. Trend:
Bu gün ölkəmizin bütün şəhər və rayonlarında abadlaşdırma işləri aparılır. Vətəndaşların yaşayış şəraiti yaxşılaşdırılır. Onların məşğulluğu üzrə kompleks tədbirlər həyata keçirilir. Bütün bunlar Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən siyasətin nəticəsidir.
Trend xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin “İstilik təchizatı haqqında” qanun layihəsi ilə əlaqədar ictimai dinləməsində çıxışı zamanı deyib.
Millət vəkili vurğulayıb ki, insanların daha rahat yaşayışı üçün daha çox imkanlar yaradılır:
“Bunun üçün ilk növbədə qanunvericilik bazası təkmilləşdirilməlidir. Elə bu gün müzakirə etdiyimiz mövzu da bu baxımdan aktuallıq kəsb edir. Burada deyildiyi kimi, istilik təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən ilk qanunvericilik aktıdır. Məsələ çox aktualdır. Vaxtilə, yəni sovet dövründə evlərin, sosial obyektlərin istiliklə təmin olunması planlı şəkildə aparılırdı. Müstəqillik illərində bu vəziyyət dəyişdi. İnsanların çox fərdi şəkildə istilik sistemindən istifadə etməyə başladı. Bir çox hallarda evləri, hətta məktəb və digər sosial obyektləri sobalarla isidirdilər. Bu isə insan sağlamlığına ziyan vurur, havanın çirklənməsinə səbəb olur. Kənd və rayon yerlərində meşə örtüyü azalır”.
Deputat bildirib ki, müzakirə edilən qanun layihəsi bu və digər problemlərin qarşısını almaq üçün xüsusi əhəmiyyət kəsb edir:
“Mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin məcburi hala gətirilməsi bu sahədə ciddi dəyişikliyə səbəb olacaq. Nəticədə enerji resurslarına qənaət ediləcək, ətraf mühitə atılan emissiyalar azalacaqdır. Düşünürəm ki, daha sivil, təhlükəsiz, ekoloji təmiz, enerji resurslarına qənaət etməyə imkan verən optimal istilik təchizatı sisteminin qurulması üçün bu qanunun qəbul edilməsinə ehtiyac vardır”.