Bakı. Trend:
Azərbaycan və Braziliya birgə şəkildə “Bakıdan Belenə” adlı proqramı hazırlayırlar. Bu proqramın məqsədi iqlim maliyyələşməsi üzrə hədəf göstəricisini 300 milyard dollardan 1,3 trilyon dollara qədər artırmaqdır.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29 prezidenti Muxtar Babayev Bakı Enerji Forumunda çıxışında deyib.
M.Babayev COP29-da tarixi bir nəticənin əldə olunduğunu – 300 milyard dollar həcmində maliyyələşmənin razılaşdırıldığını diqqətə çatdırıb.
“COP29 çərçivəsində həmçinin irimiqyaslı bir proqram təsdiqlənib – ‘Bakıdan Belenə’: müxtəlif mənbələrdən 300 milyard dollardan 1,3 trilyon dollara qədər maliyyələşdirmə. Biz Braziliya komandası ilə birgə bu proqramın hazırlanması üzərində işləyirik. Bu o anlama gəlir ki, bizim iqlim gündəliyinin həyata keçirilməsi üçün əlavə maliyyə mənbələrinin cəlb olunma imkanlarını müəyyənləşdirməyimiz vacibdir”, – deyə o bildirib.
Onun sözlərinə görə, dövlət maliyyə mənbələri ilə yanaşı, digər mənbələrdən də istifadə olunmalıdır: beynəlxalq inkişaf bankları, beynəlxalq maliyyə institutları, özəl sektor, xeyriyyəçilik və s. Cənub–Cənub əməkdaşlığı da bu prosesdə mühüm rol oynayır.
“Biz Cənub–Cənub formatında fəal əməkdaşlığa xüsusi diqqət yetirməliyik. Çünki, məsələn, Çin, Səudiyyə Ərəbistanı və digər inkişaf etməkdə olan ölkələr də Qlobal Cənub dövlətlərində ‘yaşıl’ layihələri maliyyələşdirirlər. Ona görə də indi bizim üçün son dərəcə vacib bir dövrdür – bu yol xəritəsinin hazırlanması üzrə gərgin və mürəkkəb iş prosesi”, – deyə M.Babayev vurğulayıb.