Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova iyunun 4-də Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ilə görüşüb.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji əlaqələrin dostluq və qardaşlıq əsasında inkişafından məmnunluq ifadə edilib.
Spiker Sahibə Qafarova ötən həftə Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərifin ölkəmizə səfəri, dövlət başçılarının Azərbaycanın işğaldan azad olunmuş Laçın şəhərinə səfəri və burada Azərbaycan-Pakistan-Türkiyə Üçtərəfli Zirvə Görüşünün keçirilməsini məmnunluqla xatırladaraq, bildirib ki, bu görüş ortaq dəyərləri bölüşən ölkələrimiz arasında qardaşlığın və dostluğun növbəti bariz təzahürüdür.
Bu Zirvə görüşündə qəbul edilmiş qərarlar dost və qardaş ölkələrimizin ən müxtəlif sahələrdə əməkdaşlığında yeni mərhələ təşkil edəcək.
Səfir Qasım Mohiuddin ölkələrimiz və xalqlarımız arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərini vurğulayıb. O, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin salamlarını Azərbaycan parlamentinin spikerinə çatdırıb.
Səfir Qasım Mohiuddin Pakistan və Hindistan arasında münaqişə barədə geniş məlumat verib. Diplomat, ölkələrimizin bütün məsələlərdə bir-birinə dəstək verdiyini söyləyərək, Azərbaycanın Pakistana dəstəyinin əhəmiyyətini qeyd edib.
Spiker Sahibə Qafarova Azərbaycanın Pakistan və Hindistan arasında son zamanlar yaranmış gərginliyi böyük narahatlıqla izlədiyini, bu çətin zamanda Pakistanla həmrəyliyini açıq şəkildə ifadə etdiyini xatırladıb.
O deyib ki, Azərbaycan münaqişənin beynəlxalq hüququn prinsip və normalarına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, dialoq və sülh yolu ilə həllinin tərəfdarıdır. Həmçinin, vurğulanıb ki, Pakistan da xalqımızı narahat edən məsələlərdə Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyir. Azərbaycan xalqı Pakistanın 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli mövqeyini dəstəkləməsini yüksək qiymətləndirir.
Görüşdə parlamentlərimiz arasında qarşılıqlı fəaliyyətin dövlətlərimiz arasında əlaqələrin inkişafına müsbət təsir göstərdiyi qeyd olunaraq, vurğulanıb ki, bu gün qanunverici orqanlarımız arasında çox səmərəli əməkdaşlıq qurulub. Spiker Sahibə Qafarova özünün 2021-ci ildə Pakistana rəsmi və işgüzar səfərlərini, o cümlədən pakistanlı həmkarları ilə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşləri xatırladıb.
Söhbət zamanı qanunvericilik orqanlarımızın ikitərəfli, üçtərəfli və çoxtərəfli formatlarda zəngin gündəliyi olduğu vurğulanıb. Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin üçtərəfli əməkdaşlıq formatının mühüm platforma olduğu bildirilib. Eyni zamanda, qanunverici orqanlarımızın beynəlxalq təşkilatlar çərçivəsində də sıx qarşılıqlı fəaliyyət göstərdikləri ifadə edilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.