Bakı. Trend:
Bakıda 30-cu yubiley Bakı Enerji Forumu (Baku Energy Forum) başa çatıb.
Trend xəbər verir ki, Forum 30-cu Bakı Enerji Həftəsi (Baku Energy Week) çərçivəsində keçirilib.
Həftənin tərkibinə həmçinin 30-cu yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – Caspian Oil and Gas, eləcə də 13-cü Xəzər Beynəlxalq Enerji və Yaşıl Enerji Sərgisi – Caspian Power daxildir.
Qeyd edək ki, builki Bakı Enerji Həftəsində 39 ölkədən 267 şirkət iştirak edir. İştirakçıların coğrafiyası Avropa və Yaxın Şərqdən tutmuş Asiya və Afrikaya qədər bütün enerji landşaftını əhatə edir.
Forumda Azərbaycanın xarici işlər nazirinin müavini, Azərbaycanın COP29-dakı baş danışıqçısı Yalçın Rəfiyev çıxış edərək bildirib ki, Azərbaycan qlobal çağırışlara rəğmən COP29-un nəticəliliyini təmin edib.
Onun sözlərinə görə, COP29 konfransı təkcə əldə olunmuş nəticələrə görə deyil, həm də keçdiyi mürəkkəb şərait baxımından tarixi əhəmiyyət daşıyır: "Biz COP-un struktur baxımından nə qədər mühüm olduğunu anlamalıyıq. Bakıdakı müzakirələrdə əsas diqqət iqlim maliyyələşməsinə yönəlmişdi ki, bu da əldə olunan razılaşmanın təməllərindən birinə çevrildi. Maliyyələşmə olmadan siz nə emissiyaların azalda, nə də iqlim dəyişikliklərinə uyğunlaşa bilərsiz ", – deyə nazir müavini vurğulayıb.
Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29 prezidenti Muxtar Babayev isə qeyd edib ki, Azərbaycan və Braziliya birgə şəkildə “Bakıdan Belenə” adlı proqramı hazırlayırlar. Bu proqramın məqsədi iqlim maliyyələşməsi üzrə hədəf göstəricisini 300 milyard dollardan 1,3 trilyon dollara qədər artırmaqdır.
M.Babayev COP29-da tarixi bir nəticənin əldə olunduğunu – 300 milyard dollar həcmində maliyyələşmənin razılaşdırıldığını diqqətə çatdırıb. “COP29 çərçivəsində həmçinin irimiqyaslı bir proqram təsdiqlənib – ‘Bakıdan Belenə’: müxtəlif mənbələrdən 300 milyard dollardan 1,3 trilyon dollara qədər maliyyələşdirmə. Biz Braziliya komandası ilə birgə bu proqramın hazırlanması üzərində işləyirik. Bu o anlama gəlir ki, bizim iqlim gündəliyinin həyata keçirilməsi üçün əlavə maliyyə mənbələrinin cəlb olunma imkanlarını müəyyənləşdirməyimiz vacibdir”, – deyə o bildirib.
Daha sonra Macarıstanın Energetika nazirliyinin dövlət katibinin enerji siyasəti üzrə müavini Mark Alfeldi-Boruss çıxışı zamanı əlavə edib ki, Macarıstan Azərbaycanda istehsal olunan "yaşıl" enerjiyə çıxış əldə etməyə çalışır.
“Biz ‘Yaşıl Enerji Dəhlizi’ təşəbbüsünü alqışlayırıq və Azərbaycanda istehsal olunan ‘yaşıl’ enerjiyə çıxış əldə etməyə çalışırıq. Bununla biz enerji tədarükünün təhlükəsizliyini möhkəmləndirmək və iqlim hədəflərimizi dəstəkləmək istəyirik. Biz ona inanırıq ki, COP29 yeni bir dövrün başlanğıcını qoyub. Belə ki, artıq iqlim maliyyələşməsinin mexanizmləri müəyyən edilib və Macarıstan COP29-da qəbul olunmuş qərarlar əsasında əməkdaşlığı, ‘yaşıl’ inkişafı və tərəfdaşlığı dəstəkləyir”, – deyə o bildirib.
“Boston Consulting Group” şirkətinin idarəedici direktoru və tərəfdaşı Anton Kosaç qeyd edib ki, Azərbaycan iddialı iqlim hədəflərinə doğru sürətlə irəliləyir.
Onun sözlərinə görə, Azərbaycan “yaşıl” enerjinin inkişafı və iqlim güdnəminin gerçəkləşdirilməsində qətiyyətli irəliləyiş nümayiş etdirməkdədir. “Bu mühüm müzakirədə iştirak etməkdən qürur duyuram . Qoyulmuş hədəflərdə və onlara çatmaq üçün atılan addımlarda əhəmiyyətli tərəqqi və ciddi ambisiyalar görməkdəyik”, – deyə o vurğulayıb.
Daha sonra Bərpaolunan Enerji Mənbələri üzrə Beynəlxalq Agentliyin (IRENA) baş direktorunun müavini Qauri Sinqh vurğulayıb ki, dünya ictimaiyyəti 2030-cu ilə qədər bərpaolunan enerji mənbələrindən istifadə həcminin üç dəfə artırılması səylərinin aktivləşdirməlidir.
“Ötən il dünyada 585 giqavatlıq bərpa olunan enerji gücləri istismara verildi, bu sahəyə yatırılan investisiyalar isə 100 milyard avrodan çox artdı. Halbuki qarşıya qoyulan hədəflərə çatmaq üçün bu temp kifayət etmir – ümumi gücü 11 teravata qədər çatdırmaq üçün bu göstəricilər ən azı üç dəfə artırılmalıdır”, – deyə Sinqh bildirib. O, həmçinin “yaşıl” enerjinin inkişafında mövcud olan qlobal bərabərsizliklərə də diqqət çəkib. Onun sözlərinə görə, əgər Çin, Avropa İttifaqı və ABŞ istisna olunsa, dünyanın qalan hissəsində cəmi 17 giqavat bərpa olunan enerji gücü istifadəyə verilib. Bu isə inkişaf etməkdə olan ölkələrdə ciddi maliyyə çatışmazlığını göstərir.
SOCAR vitse-prezidenti Əfqan İsayev isə deyib ki, mürəkkəb logistikanı və açıq dənizə çıxışın olmamasını nəzərər alsaq, Xəzər dənizi üzrə konsorsiumun yaradılmasına ehtiyac var.
Onun sözlərinə görə, logistika Azərbaycanın qarşısında duran əsas çağırışlardan biridir. “Bizim açıq dənizə çıxışımız yoxdur. Uzunluğu 90 metrdən çox olan nəhəng külək pərlərinin daşınması isə çətin bir tapşırıqdır. Şelfdə inşaat işlər üçün ixtisaslaşmış gəmilərə ehtiyacımı var. Bu gəmilər də burada tikilməlidir. Buna görə də biz Xəzər dənizi regionundakı qonşularımıza birləşməyi təklif edirik – necə ki vaxtilə bunu neft-qaz sektorunda etdik: konsorsiumlar yaradaq, xərcləri bölüşək – elə olsa proses daha sürətli, daha ucuz və daha səmərəli olar”, – deyə o vurğulayıb.
“SOCAR Türkiye”nin baş direktoru Elçin İbadov çıxışı zamanı əlavə edib ki, süni intellekt və kibertəhlükəsizlik “SOCAR Türkiye”nin strategiyasının prioritetlərindəndir.
O qeyd edib ki, rəqəmsal keçid – sadəcə dəbə düşmüş bir trend deyil, o bir zərurətdir. “O olmadan motivasiyanı, rentabelliyi artırmaq, istedadları cəlb etmək və gələcəyin mədəniyyətini formalaşdırmaq mümkün deyil”,- deyə o bildirib.
bp-nin Gürcüstandakı vitse-prezidenti Aytən Hacıyeva-Ağalarova da bildirib ki, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda yerləşən “Azəri - Mərkəzi- Şərqi” platforması (Azeri Central East - ACE) bp-nin portfelində yer, alan texnoloji baxımdan ən qabaqacıl platformadır.
“Bizim son və ən əhəmiyyətli layihələrimizdən biri “Mərkəzi Şərqi Azəri” platformasıdır. Bu platforma bp portfelində texnoloji baxımdan ən inkişaf etmiş platformadır. Biz burada rəqəmsal əkiz texnologiyalarını tətbiq etmiş, üst qurğunu və qazma qurğusunu avtomatlaşdırmış, təhlükəsizliyi artırmaq və dəniz əməliyyatlarını rəqəmsallaşdırmaq məqsədilə platformada personalın iştirakını maksimum dərəcədə azaltmışıq”, – deyə o qeyd edib.
Azərbaycan Respublikası Energetika nazirinin müavini Kamal Abbasov isə əlavə edib ki, dünyada baş verən son hadisələr sabit və etibarlı enerji təchizatının nə qədər vacib olduğunu göstərdi. Eyni zamanda ölkələr daha təmiz və yaşıl enerji mənbələrinə keçid üçün çalışırlar. Bu iki məqsədə eyni vaxtda çatmaq asan deyil. Bu isə daha ağıllı və çevik bir sistem tələb edir – elə bir sistem ki, həm enerji təhlükəsizliyini təmin etsin, həm də dünyaya aşağı karbonlu gələcəyə keçid etməkdə kömək olsun.
O bildirib ki, təbii qaz yalnız enerji mənbəyi kimi deyil, həm də həyatımızın bir çox sahələrində əsas rol oynayır: "Ən mühüm nümunələrdən biri gübrə istehsalıdır. Bu gübrələr milyonlarla insanı qidalandıran ərzağın yetişdirilməsində istifadə olunur.Bu baxımdan, təbii qaz qida təhlükəsizliyini dəstəkləyir, bu da dünya əhalisinin artdığı bir vaxtda daha da vacib olur.
Öz növbəsində “MVM CEEnergy” baş direktoru Qabor Orban qeyd edib ki, qlobal qaz bazarının strukturuna qısamüddətli müqavilələlərin təsiri artmaqdadır.
“Tədarüklərdə mayeləşdirilmiş təbii qazın (LPG) payı artmaqdadır, habelə qısamüddətli bazarların təsiri də güclənməkdədir. Qısamüddətli bazarlar getdikcə daha böyük əhəmiyyət qazansa belə, ənənəvi uzunmüddətli müqavilələr və regional boru kəməri infrastrukturu əvvəlki kimi ən vacib tədarük elementləri olaraq qalmaqdadırlar. Uzunmüddətli müqavilələlər proqnozlaşdırıla bilməni, investisiya təhlükəsizliyini təmin edir və bu əlbəttə ki, həm alıcılar, həm də satıcılar üçün olduqca önəmlidir”, - deyə o bildirib.
bp-nin Azərbaycan-Gürcüstan- Türkiyə regionunda maliyyə məsələləri üzrə vitse-prezidenti Kolin Allan bildirib ki, Cənub Qaz Dəhlizi regional enerji təhlüksəizliyinin və tədarük sabitliyinin əsas elementi olaraq qalmaqdadır.
“Biz upstream seqmenti ilə bazar arasında sıx qarşılıqlı əlaqə görürük. Hasilata investisiya bazarsız mümkün deyil, bazarın özü də bu investisiyalardan asılıdır. Söhbət təhlükəsizlikdən, etibarlılıqdan və qarşılıqlı faydadan gedir”, – deyə o vurğulayıb.