Bakı.Trend:
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfransın ikinci günü başa çatıb.
Trend xəbər verir ki, tədbir çərçivəsində konfrans iştirakçıları Azərbaycan Dillər Universitetinin müəllim və tələbə heyəti üçün “Müasir beynəlxalq münasibətlər sistemində müstəmləkə düşüncəsinin davamı” mövzusunda mühazirə oxuyublar.
Konfransda çıxış edən BMT-nin Afrika Əsilli Xalqların Daimi Forumunun (PFPAD) üzvü (Kolumbiya) Pastor Elias Murillo Martinez deyib ki, qarşımızda çox böyük vəzifələr var.
Onun sözlərinə görə, rasizmin siyasi vasitə kimi istifadə olunması, enerji və iqlim dəyişiklikləri ilə bağlı məsələlər, süni intellektin mənfi təsirləri, azad demokratiyanın qarşısında duran problemlər və öhdəliklər kimi faktorlar etnofaşizmin yenidən meydana çıxmasına zəmin yaradır. "Mən Latın Amerikası bölgəsindən gəlmişəm. Bu regionda Afrikadan gətirilmiş kölələrin nəslindən olan təxminən 200 milyon insan yaşayır. Məsələn, Braziliya əhalisinin 55 faizi Afrika mənşəlidir. ABŞ-də təxminən 50 milyon Afrika mənşəli insan var. Kolumbiyada isə əhalinin 20 faizi Afrika əsillidir və bu insanlar əsasən sahil və liman şəhərlərində məskunlaşıblar", – deyə o qeyd edib.
"Əlcəzair-2" Universitetində elmi-tədqiqat işləri üzrə rəhbər şəxs (Əlcəzair) Çakib Benhafri isə qeyd edib ki, bir dili bilmək, digər dillərlə əlaqə yaratmaq üçün şərait yaradır.
Onun sözlərinə görə, Əlcəzair Universitetində Azerbaycan dili mərkəzi yaradıla bilər: "Bu dəqiqə bizim universitetimizdə 2000-dən artıq türk dili təhsili alan tələbələr var. Əlbəttə, Afrika ilə Azərbaycan arasındakı məsafələr uzaqdır, amma ürəklərimiz yaxındır. Çünki adətlərimiz demək olar ki, eynidir".
Öz növbəsində "Əlcəzair-3" Universitetinin politologiya fakültəsinin elmi işçisi Hişam Daud Azərbaycanın qlobal siyasətdə artan rolunu qeyd edib və ölkənin beynəlxalq arenada göstərdiyi səylərin əhəmiyyətini əlavə edib.
"Azərbaycan dünya proseslərində mühüm aktor kimi öz mövqelərini inamla möhkəmləndirir. Bunun parlaq sübutu Bakıda COP29 iqlim konfransı kimi miqyaslı və əhəmiyyətli beynəlxalq tədbirin keçirilməsidir. Bu, təkcə ölkənin qlobal gündəmə töhfəsinin tanınması deyil, həm də regionlar, mədəniyyətlər və maraqlar arasında körpü olmaq qabiliyyətini nümayiş etdirmək imkanıdır", - o qeyd edib.
Qeyd edək ki, konfrans iştirakçıları paralel olaraq ADA Universitetində də müəllim və tələbə heyəti üçün mühazirə oxunub.