Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərdə artıq təqribən 270 Mvt gücündə kiçik hidroelektrik stansiyaları (KSES) istismar olunur. Çox yaxın bir müddətdə stansiyaların şəbəkəyə qoşulması ilə artıq 308 Mvt həcminə çatdırılacaq.
Trend xəbər verir ki, bunu "Azərenerji"nin vitse-prezidentinin birinci müavini Yusif Qarayev 30-cu Yubiley “Baku Energy Forum” çərçivəsində keçirilən "Elektrik Enerjisinin İstehsalı və Şəbəkə İnfrastrukturunun İnkişafı: Gələcəyin Enerji Təchizatı" sessiyasında çıxışında deyib.
O bildirib ki, bundan başqa, bp tərəfindən tikilən 240 Mvt günəş elektrik stansiyasının yaxın müddətdə şəbəkəyə qoşulması planlaşdırılır:
"Həmçinin "ACWA Power" şirkəti tərəfindən tikintisi davam etdirilən 240 Mvt külək elektrik stansiyasının bu ilin ikinci yarısında tam şəbəkəyə qoşulacaq. Eyni zamanda MASDAR tərəfindən həyata keçirilən "Meqa Layihə" çərçivəsində ümumi qoyuluş gücü 1 Qvt olan iki günəş və bir külək elektrik stansiyası 2026-cı ilin birinci yarısından şəbəkəyə qoşulacaq. Əlavə olaraq, yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzurda KSES-lərin gücü 471 Mvt-a qədər artırılacaq".
Y.Qarayev vurğulayıb ki, yekunda ölkədə bərpaolunan enerji mənbələrinin (BOEM) gücü 1910 Mvt gücündə şəbəkəyə qoşulacaq: "Hazırda istismar olunan bərpaolunan enerji mənbələri ilə birlikdə qoyuluş gücü 2 Gvt həcmini ötəcək.
Bu layihələr çərçivəsində ətraf mühitə atılan CO2 həcmi təxminən 1, 635 milyon ton azaldılacaq".