Bakı. Trend:
“Azəri-Çıraq-Günəşli” yataqlar blokunda yerləşən “Azəri - Mərkəzi- Şərqi” platforması (Azeri Central East - ACE) bp-nin portfelində yer, alan texnoloji baxımdan ən qabaqacıl platformadır.
Trend xəbər verir ki, bunu bp-nin Gürcüstandakı vitse-prezidenti Aytən Hacıyeva-Ağalarova Bakı Enerji Forumunda çıxışında bildirib.
“Bizim son və ən əhəmiyyətli layihələrimizdən biri “Mərkəzi Şərqi Azəri” platformasıdır. Bu platforma bp portfelində texnoloji baxımdan ən inkişaf etmiş platformadır. Biz burada rəqəmsal əkiz texnologiyalarını tətbiq etmiş, üst qurğunu və qazma qurğusunu avtomatlaşdırmış, təhlükəsizliyi artırmaq və dəniz əməliyyatlarını rəqəmsallaşdırmaq məqsədilə platformada personalın iştirakını maksimum dərəcədə azaltmışıq”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, rəqəmsallaşma bp üçün strateji əhəmiyyət daşıyır.
“Artıq bir sıra uğurlu layihələri həyata keçirmişik. Xüsusilə Azərbaycanda biz ilk dəfə olaraq tətbiq etdiyimiz bir sıra texnologiyalarla fəxr edirik. Məsələn, “Azəri-Çıraq-Günəşli” yatağında tətbiq edilən “4D seysmik” texnologiyası bizə layların davranışını daha yaxşı anlamağa və hasilatı proqnozlaşdırmağa imkan verdi”,- deyə Aytən Hacıyeva-Ağalarova vurğulayıb.