Bakı. Trend:
“Bələdiyyələrlə iş” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, Ədliyyə Nazirliyi “Bələdiyyələrlə iş” informasiya sisteminin fəaliyyətinin təşkili, saxlanılması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq Ədliyyə Nazirliyi ilə birlikdə “Bələdiyyələrlə iş” informasiya sisteminin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etməlidir.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.