Bakı. Trend:
“ACWA Power” şirkəti Azərbaycanda “yaşıl” enerji dəhlizlərinin inkişafını izləyir.
Bunu Trend-ə “ACWA Power” şirkətinin biznes inkişafı üzrə direktoru Polina Lübomirova Bakı Enerji Forumu çərçivəsində bildirib.
“Biz Azərbaycanda “yaşıl” dəhlizlərin necə sürətlə inkişaf etdiyini görürük. İlk əvvəl söhbət təkcə bir marşrutdan – Qara dənizin dibi ilə çəkiləcək kabel xəttindən gedirdisə, bu gün dörd fərqli dəhlizin müzakirəsi gedir. Bu fərqli texniki və ekspert istiqamətləri olsa da, onların hər biri bizim şirkət üçün maraq doğurur”, -deyə o bildirib.
Onun sözlərinə görə, bu təşəbbüslərin hamısı hələlik təhlil və məsləhətçi qiymətləndirməsi mərhələsindədir, bu səbəbdən “ACWA Power”in konkret layihələri barədə danışmaq hələ tezdir.
"Bizim vəzifəmiz – bu imkanları araşdırmaq və qiymətləndirməkdir. Amma icra yalnız bütün texniki-iqtisadi əsaslandırmalar tamamlandıqdan sonra mümkün ola bilər",- deyə Lübomirova vurğulayıb.
Yeni təşəbbüslərdən danışarkən o əlavə edib ki, “ACWA Power” regionda layihə portfelini fəal şəkildə genişləndirir.
Azərbaycanda bu il 240 MVt gücündə Xızı–Abşeron külək elektrik stansiyasının tikintisinin başa çatdırılması ilə yanaşı, şirkət həm də suyun duzsuzlaşdırılması layihəsi həyata keçirir. Özbəkistanda isə “ACWA Power” külək və günəş enerjisi, eləcə də enerji saxlama sistemləri sahəsində bir sıra layihələr üzərində çalışır.