...

Macarıstan Azərbaycanda istehsal olunan "yaşıl" enerjiyə çıxış əldə etməyə çalışır - Mark Alfeldi-Boruss

İqtisadiyyat Materials 4 İyun 2025 11:09 (UTC +04:00)
Macarıstan Azərbaycanda istehsal olunan "yaşıl" enerjiyə çıxış əldə etməyə çalışır - Mark Alfeldi-Boruss
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstan Azərbaycanda istehsal olunan "yaşıl" enerjiyə çıxış əldə etməyə çalışır.

Trend xəbər verir ki, bunu Macarıstanın Energetika nazirliyinin dövlət katibinin enerji siyasəti üzrə müavini Mark Alfeldi-Boruss Bakı Enerji Forumunda çıxışında deyib.

“Biz ‘Yaşıl Enerji Dəhlizi’ təşəbbüsünü alqışlayırıq və Azərbaycanda istehsal olunan ‘yaşıl’ enerjiyə çıxış əldə etməyə çalışırıq. Bununla biz enerji tədarükünün təhlükəsizliyini möhkəmləndirmək və iqlim hədəflərimizi dəstəkləmək istəyirik. Biz ona inanırıq ki, COP29 yeni bir dövrün başlanğıcını qoyub. Belə ki, artıq iqlim maliyyələşməsinin mexanizmləri müəyyən edilib və Macarıstan COP29-da qəbul olunmuş qərarlar əsasında əməkdaşlığı, ‘yaşıl’ inkişafı və tərəfdaşlığı dəstəkləyir”, – deyə o bildirib

Boruss onu da qeyd edib ki, karbohidrogenlər Macarıstanın enerji balansında hələ də əsas element olaraq qalır.

Onun sözlərinə görə, Macarıstanda bələdiyyələrin əksəriyyəti istiliklə təbii qaz hesabına təmin olunur. Ölkədə həmçinin kimya və neft-kimya sənayesi, o cümlədən gübrə istehsalı inkişaf edib və bu sahələr neft və qaz tələb edir.

“COP29-un əsas nəticələrindən biri karbohidrogenlərdən yüksək asılılığı olan ölkələrin, məsələn Azərbaycanın, paralel olaraq iki istiqamətdə hərəkət etmənin vacibliyini anlaması oldu – söhbət həm emissiyaların azaldılması, həm də ənənəvi enerji resurslarının iqtisadiyyatda rolunun qorunub saxlanılmasından gedir”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, Macarıstan artıq 8 QVt gücündə günəş elektrik stansiyası qurub ki, bu da günəşli günlərdə ölkənin daxili tələbatını qarşılamağa imkan verir.

“Bu, mühüm bir nailiyyətdir. Lakin hava şəraitindən asılılıq səbəbindən bu enerjidən məhdud həcmdə istifadə edə bilirik. Buna görə də həm qısamüddətli enerji anbarları, həm də mövsümi həllər tələb olunur. Bu sahədə bizə çevik enerji istehsalı üçün təbii qaz da lazımdır. Bu baxımdan Macarıstan artıq üç yeni birləşmiş buxar-qaz qurğularının (BQQ) tikintisinə başlayıb. Böyük həcmdə dəyişkən bərpa olunan enerji mənbələrini inteqrasiya etmək üçün enerji sektorunda çeviklik vacibdir – həm akkumulyatorlar, həm də təbii qazla işləyən BQQ-lar vasitəsilə. Eyni zamanda karbohidrogenlərin tədarük marşrutlarını – təkcə marşrutları deyil, həm də mənbələri – qorumaq və şaxələndirmək də çox önəmlidir”, – deyə Boruss vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti