Bakı. Trend:
Macarıstan Azərbaycandan qaz tədarükünün artacağına ümid edir.
Bunu Trend-ə Macarıstanın Energetika nazirliyinin dövlət katibinin enerji siyasəti üzrə müavini Mark Alfeldi-Boruss Bakı Enerji Forumu çərçivəsində bildirib.
“Biz idxalın şaxələndirilməsi üçün mümkün olan bütün yolları nəzərdən keçiririk. Hal-hazırda ölkəmizin enerji ehtiyaclarının təxminən 70 faizi idxal hesabına təmin olunur və bu əsasən 'Türk axını' qaz kəməri vasitəsilə həyata keçirilir. Ümid edirik ki, bu marşrutun və həmçinin 'Şaquli dəhliz'in köməyi ilə Azərbaycan regionundan təbii qaz tədarükünü artırmaq mümkün olacaq”, – deyə o bildirib.
O ötən il Macarıstanın dövlət enerji şirkəti “MVM Group”un, Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağında 5 faizlik pay əldə etdiyini xatırladıb.
“Ümid edirəm ki, bu, “MVM Group” üçün əməkdaşlığın yalnız başlanğıcıdır. “MOL Group” isə artıq beş ildir ki, bu regionda fəaliyyət göstərir. Dünən SOCAR ilə dəniz layihələri üzrə yeni əməkdaşlıq sazişi imzalandı. Hesab edirik ki, bu, Macarıstanın neft və qaz sahəsində enerji təhlükəsizliyini təmin etmək üçün yeni bir istiqamət olacaq”, – deyə o əlavə edib.
Borussun sözlərinə görə, “Xəzər–Qara dəniz Yaşıl Enerji Dəhlizi” 4 giqavat gücündə olacaq. Bu güc əsasən Xəzər dənizindəki külək enerjisi və regionun hidroresursları hesabına formalaşacaq və əldə olunan elektrik enerjisi sualtı kabel vasitəsilə Avropa İttifaqına ötürüləcək.
“Bu enerjinin bir hissəsi Rumıniyaya çatacaq, lakin layihə mənim ölkəmdə - Macarıstanda - başa çatacaq və burada 2 giqavat həcmində enerji qəbul olunacaq. Ümid edirik ki, bu, regionumuza yüksək səviyyədə etibarlı 'yaşıl' enerji tədarükünü təmin edəcək”, – deyə o vurğulayıb.