Bakı. Trend:
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun "Qətiyyətli Güc-2025" (Resolute Force-2025) çoxmillətli komanda-qərargah təlimində iştirak edib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Bolqarıstan Respublikasının G.S.Rakovski adına Hərbi Akademiyasında təşkil olunan təlimdə ölkəmizi Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun bir qrup zabit heyəti təmsil edib.
Bolqarıstan, Gürcüstan, Rumıniya, Şimali Makedoniya, Yunanıstan ordularının təmsilçilərinin də iştirak etdikləri təlimdə zabitlərimiz tapşırıqların öhdəsindən məharətlə gəlib.
Təlimin keçirilməsinin məqsədi hərbi qərarqəbuletmə prosesinə uyğun fəaliyyətlərin icrası, eləcə də komandirlərin və qərargahların əməliyyat şəraitində bölmələri idarəetmə bacarıqlarının artırılmasıdır.
Komanda-qərargah təliminin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.