Bakı. Trend:
Quba şəhərində “ArchiVision Camp 2 – 2025” gənclər düşərgəsi keçirilib. Layihə Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) tərəfdaşlığı çərçivəsində baş tutub. Üç gün davam edən düşərgədə tələbələrə innovativ təlimlər, yaradıcı sessiyalar, praktiki məşğələlər və sosial fəaliyyətlər təqdim olunub.
Düşərgə Ulu Öndər Heydər Əliyevin Quba şəhərində yerləşən abidəsinin ziyarəti ilə rəsmi şəkildə start götürüb. Daha sonra “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan açılış mərasimində müxtəlif rəsmi qurumların nümayəndələri çıxış edərək layihənin əhəmiyyətinə toxunublar.
AzMİU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev çıxış edərək universitetin bu təşəbbüsünün əhəmiyyətindən danışıb. O bildirib ki, bu cür düşərgələr tələbələrin yaradıcılıq potensialını artırmaqla yanaşı, onların komanda mühitində öyrənmə və inkişaf etmə imkanlarını genişləndirir.
Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasova çıxış edərək Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin bu gün də uğurla davam etdirildiyini qeyd edib və gənclərin belə təşəbbüslərdə fəal iştirak etməsinin önəmini vurğulayıb.
Gənclər və İdman Nazirliyinin əməkdaşı Cəmilə Rzayeva layihənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirərək iştirakçılara düşərgə müddətində uğurlar arzulayıb.
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Mustafa Nöhbalayev isə tələbələrə motivasiyaedici tövsiyələr verərək düşərgənin onlara həm şəxsi, həm də peşəkar inkişaf baxımından faydalı olacağını söyləyib.
Düşərgə proqramı zəngin və çoxşaxəli məzmunu ilə diqqət çəkib. İlk təlimlərdən biri Quba Gənclərin İnkişafı və Karyera Mərkəzinin direktoru Eyvaz Xeyrullayev tərəfindən təqdim olunub. “Komanda quruculuğu, liderlik və yaradıcı sənayedə aparıcılıq” mövzusunda keçirilən təlim zamanı iştirakçılar komanda ilə işləmək, liderlik bacarıqları və yaradıcı sahələrdə təşəbbüskar olmaqla bağlı faydalı biliklər qazanıblar. Təlim interaktiv üsullarla aparıldığı üçün tələbələr həm nəzəri biliklər, həm də qrup işləri vasitəsilə praktiki bacarıqlar əldə ediblər.
Ardınca “Art Major Academy”nin müəllimləri Abuzər Heybətli və Vaqif Hüseynlinin təqdimatında “Ağıllı ev, maket və ölkədə yeni tendensiyalar” adlı təlim keçirilib. Tələbələr burada müasir memarlıqda tətbiq olunan texnoloji yeniliklərlə tanış olaraq ağıllı ev konsepsiyası və davamlı tikinti prinsiplərini əyani şəkildə öyrəniblər. Təlimin davamında təşkil olunan praktiki hissədə tələbələr komanda ilə birlikdə ağıllı ev maketi hazırlayıblar. Bu fəaliyyət onlarda həm yaradıcı düşüncə, həm texniki tətbiq bacarıqları, həm də real layihə mühitində işləmə təcrübəsi formalaşdırın.
Günün sonunda isə tələbələr futbol, stolüstü tennis və voleybol üzrə keçirilən idman yarışlarında iştirak edərək bir-biriləri ilə daha yaxından tanış olublar və düşərgənin sosial mühitində fəal şəkildə yer alıblar.
İkinci gün AzMİU İnnovativ Biznes İnkubator bölməsinin rəhbəri Rasim Abdullayevin təqdimatında “AI və rəqəmsal texnologiyaların memarlıq və dizayna təsiri” mövzusunda təlim keçirilib. Bu sessiyada süni intellektin şəhərsalma, dizayn və layihələndirmə proseslərindəki rolu geniş müzakirə edilib.
Eyni gündə ERA Araşdırma şirkətinin direktor müavini Kənan Həsənovun “Bazar necə çalışır?” mövzusunda təlimi ilə davam edib. Təlimdə iştirakçılar real bazar mexanizmləri, məhsulun düzgün hədəf auditoriyasına çatdırılması və effektiv bazar strategiyaları ilə bağlı ilkin biliklərə yiyələniblər.
Düşərgənin diqqətçəkən mərhələlərindən biri Rasim Abdullayevin ikinci təlimi – “İdeyadan məhsula: dizayn düşüncəsi və startap yanaşması” olub. Bu mərhələdə tələbələr öz ideyalarını inkişaf etdirərək onları real layihələrə çevirməyin yollarını öyrəniblər.
Təlimlərdən sonra keçirilən HAKATON mərhələsi düşərgənin kulminasiya nöqtəsinə çevrilib. Tələbələr “Gələcəyin dayanıqlı şəhəri”, “Smart Kampus” və “Kəndin rəqəmsal inkişafı” kimi mövzular ətrafında komandalarla işləyərək ideyalar formalaşdırıb. Konseptual təqdimatlar hazırlayan komandalar innovativ yanaşmalarını münsiflər heyətinə təqdim ediblər. Layihələr funksionallıq, sosial fayda, dayanıqlılıq və texnoloji tətbiq baxımından qiymətləndirilib.
Hakatonun sonunda komandalar ideyalarını münsiflər heyətinə təqdim edərək bir-biri ilə yarışıblar. Münsiflər təqdim olunan layihələri yenilikçilik, praktiklik, sosial fayda və təqdimat bacarığı baxımından dəyərləndiriblər. Bu mərhələ tələbələrin təqdimat bacarıqlarının və komanda işinin inkişafına xüsusi töhfə verib.
Günün sonunda isə “Marshmallow və concept party” təşkil olunub. Axşam əyləncəsi tələbələr üçün düşərgənin gərgin və məhsuldar gününü əyləncəli və yaddaqalan bir atmosferlə tamamlanıb.
Düşərgənin üçüncü günü səhər idmanı ilə başlayıb və ardınca rəsmi bağlanış və mükafatlandırma mərasimi təşkil olunub. Fərqlənən iştirakçılar müxtəlif nominasiyalar üzrə təltif olunublar.
Mərasimdə Hakaton mərhələsində fərqlənən komandalar xüsusi diqqət mərkəzində olub. Münsiflərin qiymətləndirməsi əsasında I, II və III yerlərə layiq görülən komandalar xüsusi mükafatlarla təltif olunub, onların təqdim etdiyi layihələr innovativlik, dayanıqlılıq və sosial fayda baxımından yüksək dəyərləndirilib.
Son olaraq təşkil olunan Quba şəhər turu tələbələrin regionun tarixi və mədəni irsi ilə tanışlığına imkan yaradıb. Tələbələr Qırmızı Qəsəbədə dünyanın ən qədim dağ yəhudi icmalarından birinin həyat tərzi ilə tanış olub, Dağ Yəhudiləri Muzeyini və Quba Rayon Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər. Tur Quba Soyqırımı Memorial Kompleksi ilə yekunlaşıb, burada iştirakçılar Azərbaycan tarixinin faciəli səhifələrinə nəzər salıblar.