Bakı. Trend:
Son səkkiz il ərzində Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi səkkiz dəfə, birgə istehsal həcmi isə beş dəfə artıb.
Trend xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidenti yanında Strateji və Regionlararası Tədqiqatlar İnstitutunun şöbə müdiri Milana Bazarova "Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın inkişafının perspektivli istiqamətləri" adlı Azərbaycan-Özbəkistan Ekspert Şurasının ikinci iclasında çıxışında deyib.
Onun sözlərinə görə, belə nəticələrə iki ölkə liderlərinin məhz siyasi iradəsi və qətiyyəti sayəsində nail olmaq mümkün olub. Bu ikitərəfli münasibətlərin keyfiyyətcə yeni bir səviyyəyə çatmasına vəsilə olub.
“Biz Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətləri haqqında müqavilə imzalamışıq, eyni zamanda Ali Dövlətlərarası Şura təsis olunub. Bu, müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsi üçün əsas yaradıb”, – deyə Bazarova bildirib.
O qeyd edib ki, iqtisadi əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilir. Prioritet istiqamətlər arasında – üçüncü ölkələrdən idxalın əvəzlənməsi və bununla bağlı iki ölkənin iqtisadiyyatlarının qarşılıqlı tamamlayıcı imkanlarının səfərbər olunması dayanır. Bu, xüsusilə qlobal qeyri-sabitlik və logistika zəncirlərindəki pozuntular şəraitində mühüm əhəmiyyət kəsb edir.
“İkinci vacib istiqamət – sənaye kooperasiyasının dərinləşdirilməsidir. Artıq avtomobil, tekstil və baramaçılıq sahələrində birgə klasterlər fəaliyyətə başlayıb. Bu isə yalnız başlanğıcdır. Biz əməkdaşlığın genişləndirilməsi və yeni perspektiv sahələrin mənimsənilməsi istiqamətində qətiyyətliyik”, – deyə o vurğulayıb.
Milana Bazarova Azərbaycan və Özbəkistan arasında tərəfdaşlığın gələcəkdə də dinamik şəkildə inkişaf edəcəyinə və hər iki ölkənin dayanıqlı iqtisadi artımına töhfə verəcəyinə əminliyini ifadə edib.