...

“Vahid Sağlamlıq” yanaşması çərçivəsində qida təhlükəsizliyinə kompleks yanaşma həlledici əhəmiyyət daşıyır – Zəkiyyə Mustafayeva

Cəmiyyət Materials 4 İyun 2025 10:15 (UTC +04:00)
“Vahid Sağlamlıq” yanaşması çərçivəsində qida təhlükəsizliyinə kompleks yanaşma həlledici əhəmiyyət daşıyır – Zəkiyyə Mustafayeva
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Təhlükəsiz qida həyatın davamlılığı və insan sağlamlığının qorunması üçün əsas şərtlərdən biridir. Hər il təxminən 600 milyon nəfər qida mənşəli xəstəliklərə yoluxur. Təxminən 420 min insan isə təhlükəli və ya çirklənmiş qidanın istehlakı nəticəsində həyatını itirir.

Trend xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Zəkiyyə Mustafayeva AQTA, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı ofisi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Ümumdünya Qida Təhlükəsizliyi Günü: Elm fəaliyyətdədir” mövzusunda konfransın açılışında çıxışı zamanı deyib.

“Xüsusilə 5 yaşdan kiçik uşaqlar bu təhlükədən daha çox əziyyət çəkirlər – onlar qida mənşəli xəstəliklərdən əziyyət çəkənlərin 40%-ni təşkil edir və hər il təxminən 125 min uşaq bu səbəbdən dünyasını dəyişir. Bu statistika onu göstərir ki, təhlükəli və ya çirklənmiş qida yalnız insan sağlamlığı üçün deyil, həm də iqtisadi rifah üçün ciddi təhdid yaradır. Bu təhlükə xüsusilə qadınlar, uşaqlar, münaqişədən zərər çəkmiş əhali və miqrantlar kimi həssas və marginal qruplara daha çox təsir göstərir”, - deyə o bildirib.

Sədr müavini vurğulayıb ki, Ümumdünya Qida Təhlükəsizliyi Günü hər il fərqli şüarlarla qeyd olunur:

“Bu il Qida Təhlükəsizliyi Gününün rəsmi şüarı “Qida təhlükəsizliyi: elm fəaliyyətdədir” adlanır. Bu şüar qida təhlükəsizliyinin təmin edilməsində elmi biliklərin və onların praktik tətbiqinin əhəmiyyətini bir daha xüsusi olaraq vurğulayır.

Qida təhlükəsizliyinin təmin olunmasında elmin rolu mühüm və çoxşaxəlidir. Bu sahədə elmi nailiyyətlər və texnoloji yeniliklər qida məhsullarının təhlükəsiz istehsalı, saxlanması, daşınması və istehlakı proseslərində risklərin minimuma endirilməsinə imkan yaradır. Mikrobiologiya, biotexnologiya, kimya, qida mühəndisliyi və digər əlaqəli elmi sahələr vasitəsilə mikroorqanizmlərin, toksinlərin və zərərli maddələrin vaxtında aşkarlanması, risklərin qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin görülməsi mümkün olur.

Həmçinin “Vahid Sağlamlıq” yanaşması çərçivəsində qida təhlükəsizliyinə kompleks şəkildə yanaşmaq yalnız insan sağlamlığını deyil, bütövlükdə ekosistemin dayanıqlılığını təmin etmək baxımından həlledici əhəmiyyət daşıyır. Bu yanaşma həm milli, həm də beynəlxalq miqyasda qabaqlayıcı tədbirlərin planlaşdırılmasında strateji rol oynayır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti