Bakı. Trend:
Çoxmənzilli binalarda mənzil mülkiyyətçiləri nə qərar verərlərsə, ona uyğun mərkəzi istiliklə təmin olunurlar. Belə olanda tarif məsələsi də mənasızlaşır.
Trend xəbər verir ki, bunu Energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin “İstilik təchizatı haqqında” qanun layihəsi ilə əlaqədar ictimai dinləməsində çıxışı zamanı deyib.
O çıxışında istilik nasosları texnologiyasından da bəhs edib:
“Biz bunu çox düşündük və Qarabağda da tətbiq olunması istiqamətində eksperiment aparılır. Ancaq bu, çox bahadır. Avropa İttifaqı da bu istiqamətdə getmək istədi, sonradan dayandırıldı. Bu tələb hələlik tam deyil, mütəxəssisləri də azdır. Effektivliyi 300 faizdir və kondisionerə bənzəyir. Burada qaza ehtiyac olmayacaq. Ancaq Azərbaycanı test edilməmiş texnologiyalar poliqonuna çevirmək fikrimiz yoxdur. Bunu yaxından izləyirik
Qarabağ bizim üçün dönüş nöqtəsi oldu, ora “yaşıl enerji” zonası elan edildi. Bu, mərkəzi istilik sistemi olmadan absurd səslənir. Mərkəzi istilik sistemi daha ucuz və təhlükəsizdir. Bu, eyni zamanda ekologiyaya da xidmət edir. Qarabağda da konsepsiya hazırlandı və həyata keçirildi. Qarabağ yeganə ərazidir ki, 2050-ci ilədək xalis 0 öhdəliyi götürüb. Bunu COP29-da dünya üçün örnək göstərdik”.