Bakı. Trend:
"Abşeron" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasilatın başlanması 2028-ci ilin sonu – 2029-cu ilin əvvəlinə planlaşdırılır.
Trend xəbər verir ki, bunu SOCAR vitse-prezidentinin müavini Vitali Bəylərbəyov Bakı Enerji Forumunda çıxışında deyib.
“TotalEnergies” və ADNOC ilə birlikdə SOCAR tərəfindən həyata keçirilən 'Abşeron' layihəsi 2025-ci ildə investisiya qərarının (FID) qəbulu istiqamətində irəliləyir. Bu isə 2028-ci ilin sonu – 2029-cu ilin əvvəlində uğurla hasilata başlanmasına gətirib çıxarmalıdır. Layihə illik azı 4,5 milyard kubmetr qaz hasilatını təmin edəcək. Onun həyata keçirilməsi müddətləri "Şahdəniz Kompressiya" layihəsinin üçüncü mərhələsinin işə salınması ilə təxminən üst-üstə düşür”, - deyə o qeyd edib.
Bəylərbəyov vurğulayıb ki, “Şahdəniz Kompressiya” layihəsi pik dövrdə illik 4 milyard kubmetrdən çox qaz hasilatına imkan verəcək və ümumi hasilat həcmi 50 milyard kubmetrə çatacaq.
Qeyd edək ki, “Abşeron” yatağı Xəzər dənizinin şelfində, Bakıdan 100 kilometr cənub-şərqdə və “Şahdəniz” yatağından 25 kilometr şimal-şərqdə yerləşir.
“Abşeron”da qaz və kondensat hasilatına 2023-cü ilin iyul ayında başlanılıb. 2024-cü ilin iyununda Bakıda keçirilən neft-qaz konfransı çərçivəsində layihə iştirakçıları – "TotalEnergies" (35%), SOCAR (35%) və ADNOC (30%) – bildiriblər ki, “Abşeron”un ikinci mərhələsi maksimum hasilat dövründə üç və ya daha çox əlavə dərin dəniz quyusu hesabına gündə 110 min barrelə qədər neft ekvivalentində hasilat verə bilər, bunun 35 min barreli kondensat olacaq.