Bakı. Trend:
Bu günlərdə respublikamız növbəti dəfə təşkil olunan və qlobal enerji dialoqunun əsas platformalarından biri kimi tanınan Bakı Enerji Həftəsinə ev sahibliyi edir. Özündə Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və “Baku Energy Forum”u kimi tədbirləri birləşdirən Bakı Enerji Həftəsi bu dəfə dünyanın enerji nəhənglərini, 39 ölkədən 267 şirkəti Azərbaycanda bir araya gətirdi.
Bu dəfəki Bakı Enerji Həftəsini daha əlamətdar edən isə Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin və “Baku Energy Forum”unun artıq 30-cu dəfə keçirilməsidir. Ona görə bu il təşkil olunan Bakı Enerji Həftəsi həm də sözügedən tədbirlərin yubileyi kimi tarixə düşdü.
Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın evsahibliyi etdiyi və qlobal miqyasda olduqca böyük maraqla qarşılanan tədbirlər sırasında yer alır. Bu sərgi həm də Azərbaycanın enerji diplomatiyasının mühüm hadisələrindən biridir. Belə ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 1994-cü ildə keçirilən bu tədbir «Əsrin müqaviləsi»nin imzalanmasına doğru gedən yolda Azərbaycanın ilk uğurlarından biri kimi tarixə düşüb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı.
İlk gündən enerji müzakirələrinin əsas ünvanlarından biri kimi böyük populyarlıq qazanan Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrilib. Bu tədbir hər il neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyəli rəhbər işçiləri öz meydançasında bir araya gətirir. Məhz burada enerji sferasında gələcək tərəfdaşlıqların təməlləri qoyulur, əməkdaşlığa dair müqavilələr imzalanır.
Ümumiyyətlə, həm Beynəlxalq Xəzər Neft və Qaz Sərgisini, həm də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisini və “Baku Energy Forum”unu Azərbaycanın enerji siyasətinin və bu siyasətin xalqımıza bəxş etdiyi uğurların ən böyük təqdimatı hesab etmək olar. Prezident İlham Əliyev rəsmi açılış mərasimində bu barədə söz açaraq bir sıra məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırdı. Dövlətimizin başçısı respublikamızda ötən əsrin 90-cı illərinin əvvəllərindəki vəziyyəti şərh edərək bildirdi ki, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000 faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Bu gün isə onu görürük ki, bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir. Bəli, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, Prezident İlham Əliyevin layiqincə davam etdirdiyi və zamanın çağırışlarından irəli gələrək yeni mərhələyə yüksəltdiyi enerji siyasətinin nəticəsi olaraq bir çox dövlətlər Azərbaycanın iqtisadi və sosial göstəricilərinə sadəcə həsəd apara bilərlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim iqtisadiyyatımız özünü təmin edir:
“Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir. Neft və qazın bizim ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir. Bizim xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq və bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir”.
Milli maraqları təmin edən enerji siyasətinin daha bir uğurlu nəticəsi “qara qızıl”ın “insan kapitalı”na çevrilməsi təşəbbüslərinin Azərbaycanda uğurla reallaşdırılmasıdır. Möhtərəm Prezident İlham Əliyevin böyük qürur hissi ilə qeyd etdiyi kimi ölkəmizdə savadlılıq səviyyəsi 100 faizə bərabərdir. Bundan başqa, açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, respubilkamız Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilib. Bütün bunlar Azərbaycanın mütərəqqi enerji siyasətinin təcəssümləridir. Eyni zamanda Azərbaycan dövləti enerji layihələrini inkişaf etdirir, regionda və qlobal səviyyədə enerji təhlükəsizliyinə böyük töhfələr verir. Azərbaycanın dəniz yataqlarından başlayan Cənub Qaz Dəhlizi 3500 kilometrlik məsafə qət edərək İtaliyaya qədər uzanır. Bu gün 12 ölkə özünü məhz Azərbaycanın ixrac etdiyi təbii qazla təmin edir. Boru kəməri ilə müəyyən coğrafiyanın qazla təmin edilməsi baxımından Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilib.
Qeyd etdiyim kimi, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər həm də Azərbaycanın enerji siyasətinin ən gözəl təqdimatıdır. Bu sırada respublikamızın “yaşıl enerji”yə keçidlə bağlı həyata keçirdiyi tədbirlər Bakı Enerji Həftəsində böyük maraqla qarşılanır. Məlumdur ki, son dövrlərdə dünyanın üzləşdiyi yeni çağırışlar dayanıqlı və təmiz enerji güclərinin artırılması, yeni enerji marşrutların müəyyən edilməsi kimi vəzifələri də gündəmə gətirir. Hazırda qlobal və regional enerji təhlükəsizliyinin ənənəvi enerji mənbələri hesabına təmin olunmasına böyük töhfələr verən Azərbaycan enerji sferasındakı bu yeni çağırışları da vaxtında və düzgün dəyərləndirir, bərpaolunan enerji növlərinin inkişafı istiqamətində layihələr həyata keçirir.Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərin rəsmi açılış mərasimində bu məsələyə də diqqət yönəldən Prezident İlham Əliyev bildirdi ki, imzalanmış müqavilələrə və sərmayə öhdəliklərinə əsasən, Azərbaycan 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacaq. Bu da Azərbaycanın ümumi enerji istehsalının 35 faizdən çoxunu təşkil edəcək.
“Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır. Neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması bizim məsuliyyətimizi nümayiş etdirir. Bütün bu yaşıl enerji potensialımız sayəsində biz, əlbəttə ki, Azərbaycanın elektrik enerjisinə artan tələbatını təmin edəcəyik, əsasən bərpaolunan enerji hesabına təmin edəcəyik. Bunun nəticəsində bir neçə milyard kubmetr qaza qənaət ediləcəkdir və bu həcm ixrac oluna biləcək”, - deyə Prezident İlham Əliyev bildirdi.
Azərbaycanın uğurlu və mütərəqqi enerji siyasəti həyata keçirməsi dünyanın da qəbul etdiyi həqiqətdir. Eyni zamanda enerji istehsalındakı müasir tendensiyalar və çağırışlar da respublikamızda sürətlə reallaşdırılır ki, bu da qlobal enerji balansında respublikamızın çəkisini daha da artırır. Bakı Enerji Həftəsi isə həm Azərbaycanın bu sahədəki uğurlarını dünyaya təqdim edir, həm də enerji bazarının tərəfləri arasında yeni əlaqələr qurmaq və perspektiv əməkdaşlıqlar üçün unikal imkanlar yaradır.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı