Bakı. Trend:
Son illər ərzində Özbəkistan və Azərbaycan arasında birgə müəssisələrin sayı beş dəfə artıb.
Trend xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Baxram Aşrafxanov “Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri” mövzusunda keçirilən ikinci Azərbaycan-Özbəkistan Ekspert Şurasında çıxışı zamanı söyləyib.
Hal-hazırda Özbəkistanda Azərbaycan kapitalını daşıyan 540 şirkət qeydiyyata alınıb, Azərbaycanda isə özbək kapitalı ilə 70-ə yaxın müəssisə fəaliyyət göstərir.
Səfirin sözlərinə görə, artıq əldə olunan təcrübə əsasında avtomobil istehsalı sahəsində birgə layihələr uğurla həyata keçirilir, Azərbaycanda tekstil və ipəkçilik klasterləri yaradılır. Eyni zamanda, Özbəkistanda iki ölkə əməkdaşlığı çərçivəsində gipsokarton və zərgərlik məmulatlarının istehsalı qurulub.
“Son beş ildə ölkələrimiz arasında ticarət dövriyyəsi üç dəfə artaraq 255 milyon ABŞ dollarına çatıb. Qarşımıza qoyulan məqsəd bu rəqəmi 1 milyard dollara çatdırmaqdır”, – deyə Aşrafxanov bildirib.
Keçən il Bakı və Daşkənd arasında “yaşıl” energetika sahəsində birgə istehsal və Avropaya ixracı da daxil olmaqla, 20 əsas istiqamət üzrə əməkdaşlıq proqramı razılaşdırılıb. Bundan əlavə, hər iki ölkə üçün strateji əhəmiyyət daşıyan nəqliyyat-logistika dəhlizlərinin inkişafı əsas gündəmdədir.
Səfir xüsusilə 2023-cü ilin avqustunda iki ölkə prezidentləri tərəfindən imzalanmış Müttəfiqlik münasibətləri haqqında Sazişin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu sənəd tarixi səciyyə daşıyır və təkcə Cənubi Qafqaz və Mərkəzi Asiyaya deyil, bütövlükdə Avrasiyadakı proseslərə təsir göstərir
“Özbəkistan və Azərbaycan beynəlxalq təşkilatlarda – BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, MDB, İƏT və digər platformalarda bir-birini fəal şəkildə dəstəkləyirlər”, – deyə o əlavə edib.
Diplomat qeyd edib ki, yalnız son üç il ərzində ölkə başçıları qarşılıqlı olaraq beş dəfə rəsmi səfər ediblər və bu, siyasi dialoqun misilsiz intensivliyindən xəbər verir.
2025-ci il Özbəkistan və Azərbaycan tərəfindən İqtisadi əməkdaşlıq ili elan olunub, bu il isə ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur. Bu yubileyə həsr olunmuş tədbirlər kompleksinə iki yüksək səviyyəli qarşılıqlı səfər və genişmiqyaslı mədəni-humanitar təşəbbüslər daxildir.
“Biz humanitar əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm veririk. Hər iki ölkədə böyük şair Nizami Gəncəvinin 880 illiyinin qeyd olunması bunun parlaq nümunəsidir”,- deyə səfir Aşrafxanov vurğulayıb.