Bakı. Trend:
“Abşeron” layihəsi Xəzər dənizi regionunda innovativ yanaşmanın nümunəsinə çevrilir.
Trend xəbər verir ki, bunu “TotalEnergies” şirkətinin idarəedici direktoru və Azərbaycandakı nümayəndəliyinin rəhbəri Emmanuel de Qiyebon Bakı Enerji Forumunda etdiyi çıxışda bildirib.
Onun sözlərinə görə, “Abşeron” layihəsində tətbiq olunan innovativ texniki həllər mühüm mühəndislik çağırışlarının, o cümlədən, mürəkkəb qayalı ərazilərdən keçən 45 kilometrlik çoxfazalı kəmərin tikintisinin öhdəsindən gəlməyə imkan verib.
“Biz qaz və kondensatın çoxfazalı nəqli texnologiyasından istifadə etməklə layihənin birinci fazasını reallaşdıra bildik ki, bu da tikintinin risklərini və dəyərini əhəmiyyətli dərəcədə azaltmağa kömək etdi. Bu, SOCAR ilə sıx əməkdaşlıq və əvvəllər, məsələn, Braziliyada tətbiq olunmuş yeni həllərin tətbiqi sayəsində mümkün oldu”, - o qeyd edib.
Emmanuel de Qiyebon vurğulayıb ki, layihə avtomatlaşdırılmış sualtı sistemlərdən və internetə bağlı müasir rəqəmsal monitorinq texnologiyalarından istifadə edir ki, bu da yüksək səviyyədə təhlükəsizlik və effektivliyi təmin edir.
“Biz yuxarıdan texniki xidmət tələb etməyən avtomatik “pigging” sistemini tətbiq etmişik ki, bu da istismar zamanı əməliyyat xərclərini və riskləri azaldır”, – o əlavə edib.