Bakı. Trend:
Azərbaycan və Qvineya-Bisau arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
Trend Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim dəyişikliyi üzrə fəaliyyətlər naziri Viriato Luis Soares Cassama ilə görüşüb.
Qonağı salamlayan kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkədə aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Nazir Məcnun Məmmədov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Afrika ölkələri, o cümlədən Qvineya-Bisau ilə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verir.
Nazir vurğulayıb ki, kənd təsərrüfatı gələcək əməkdaşlıq üçün ən perspektivli sahələrdən biridir. O, iki ölkə arasında aqrar sahədə ticarət əlaqələrinin qurulması üçün böyük potensialın olduğunu qeyd edib. Bu baxımdan, hər iki ölkənin biznes subyektləri arasında birbaşa əlaqələrin qurulması və ixrac potensialı yüksək olan məhsullar barədə informasiya mübadiləsinin aparılması mühüm əhəmiyyət daşıyır.
Görüş zamanı Azərbaycanın kənd təsərrüfatı sektorunda tətbiq edilən ən son texnologiyalar və təcrübələrin Qvineya-Bisau tərəfi ilə paylaşılmağa hazır olduğu vurğulanıb. Eyni zamanda, Qvineya-Bisaudan olan tələbələr Azərbaycan Dövlət Aqrar Universitetində təqaüd proqramları çərçivəsində təhsil almağa dəvət olunub.
Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim dəyişikliyi üzrə fəaliyyətlər naziri Viriato Luis Soares Cassama öz növbəsində ölkəsinin Azərbaycanla bütün sahələrdə tərəfdaşlığın inkişafında maraqlı olduğunu bildirib. Nazir kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün geniş potensialın mövcudluğunu vurğulayıb. Tərəflər aqrar əməkdaşlığın dərinləşdirilməsində qarşılıqlı maraqlarını ifadə ediblər.
İkitərəfli görüş zamanı Azərbaycan və Qvineya-Bisau arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim dəyişikliyi üzrə fəaliyyətlər naziri Viriato Luis Soares Cassama imzalayıblar.
Anlaşma Memorandumunda aqrar sahədə gələcək əməkdaşlığın istiqamətləri öz əksini tapıb. Sənədə əsasən, tərəflər kənd təsərrüfatı üzrə birgə İşçi Qrupun yaradılması, kənd təsərrüfatı sahəsində qarşılıqlı maraq doğuran prioritet istiqamətlər üzrə birgə investisiya layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı torpaqlarının səmərəli istifadəsi, ticarət əlaqələrinin qurulması məqsədilə ixrac potensiallı kənd təsərrüfatı məhsulları barədə məlumat mübadiləsi, kənd təsərrüfatı sahəsində rəqəmsallaşdırma, aqrar sığorta sahəsində təcrübənin paylaşılması, kənd təsərrüfatı sahəsində tətbiq olunan yeni texnologiyalar barədə məlumat mübadiləsi, aqrar tədqiqat, ticarət missiyalarının təşkili, özəl sektor arasında əlaqələrin gücləndirilməsi sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.