Bakı.Trend:
Təəssüflər olsun ki, son bir neçə gün ərzində mina partlayışları və bu partlayışlar nəticəsində Azərbaycan vətəndaşlarının zərər çəkməsi barədə məlumatlar alınır.
Bu barədə Trend-ə son günlər azad edilmiş ərazilərdə mina partlayışlarının artması ilə bağlı danışarkən “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.
Onun sözlərinə görə, son baş verən partlayışlardan biri mina təmizləmə əməliyyatları zamanı, ikisi isə mülki şəxslərlə bağlı olanlardır:
“Bu faktlar bir daha onu göstərir ki, biz şanlı zəfərimizi təmin etsək də, minalarla apardığımız mübarizə davam edir. Ona görə də istər mina təmizləmə qurumları, istər qeyri-hökumət təşkilatları, ən əsası da əhalimiz bu mübarizəyə qoşulmalı və minaların yaratdığı problemlərin ciddiliyini qəbul etməlidir.
Ermənistan bir neçə xartiyada Azərbaycana keçmiş təmas xəttinə aid minaların qoyulması barədə xəritələr təqdim etdiyini bildirsə də, sonradan bizim müvafiq strukturlarımız xəritələrin çox cüzi dəqiqlikdə olduğunu müəyyən etdilər. Bizim təşkilatın mütəmadi monitorinqləri nəticəsində məlum oldu ki, Ermənistan hökuməti keçmiş cəbhə xəttinin 75 kilometrinə məxsus xəritələri Azərbaycan tərəfinə təqdim etməyib. Verilən xəritələrin qeyri-dəqiqliyi, müəyyən sahələrdə xəritələrin verilməməsi Ermənistanın mina terrorunu davam etdirdiyini göstərir”.
H.Səfixanov qeyd edib ki, beynəlxalq təşkilatlar bu məsələyə ciddi yanaşmalıdırlar və Ermənistan tərəfindən daha dəqiq mina xəritələrinin Azərbaycana verilməsini tələb etməlidirlər:
“Biz Azərbaycan vətəndaşları olaraq mina təhlükəsinin ciddiliyini qəbul etməliyik. Keçmiş cəbhəyanı ərazilərdə yaşayan vətəndaşlarımızın mina partlayışlarına məruz qalması və digər hadisələrin analizi göstərir ki, bu ərazilərdə diqqətli olmaq, maarifləndirmə tədbirlərində verilən təlimatlara ciddi əməl etmək lazımdır.
O ərazilərdə elə yerlər var ki, 20-25 il mina təhlükəsinin izahına dair tədbirlər planında olub. Orada maarifləndirmə tədbirləri həyata keçirilib. Təşkilat rəhbəri olaraq əhalimizə müraciət edərək bildirmək istəyirəm ki, mina elə bir silahdır ki, öz qurbanını seçmir. Uşaq, qadın, hərbçi, mülki şəxs olmasından asılı olmayaraq, mina öz qurbanını gözləyir. Ona görə də illərdir Azərbaycanda aparılan maarifləndirmə tədbirlərində əhaliyə çatdırılan təlimata ciddi əməl olunmalı, əhalimiz özbaşına fəaliyyətlə məşğul olmamalıdır, “mənə heç nə olmaz” prinsipindən əl çəkməlidir.
Beləliklə, biz Azərbaycandakı mina qurbanlarının sayını azaltmış olarıq. Rəsmi məlumatlara görə, Azərbaycanda 397 şəxs mina partlayışlarına məruz qalıb. Bu, partlayışlar nəticəsində birbaşa zərərçəkmiş insanlarla bağlı məlumatdır. Mina fəaliyyəti ilə bağlı beynəlxalq standartların digər komponentlərini əlavə etsək, bizdəki rəqəm daha böyükdür”.
Məsələ ilə bağlı Trend-ə danışan hərbi ekspert Azər Bayramov isə bildirib ki, bu günə qədər Ermənistanın minalardan ancaq hərbi məqsədlər üçün yox, eyni zamanda, mülki şəxsləri hədəf almaq üçün istifadə etdiyini görürük:
“Beynəlxalq hüquq və standartlara görə, bu, mina terrorudur. Bu terrorçuluğun növlərindən biridir, hansı ki, Ermənistan bunu bizə qarşı istifadə edir.
Hazırda 12 dövlət var ki, mina istehsal edir, onlardan biri də Ermənistandır. Bu da Ermənistanın xislətini göstərir”.
“Təəssüf ki, beynəlxalq təşkilatlardan və ictimaiyyətdən Ermənistana hər hansı təzyiq yoxdur. Bunun da fonunda Ermənistan müharibədən sonra mina xəritələrinin Azərbaycana ötürülməsi ilə bağlı öhdəliyini də yerinə yetirmədi. Mövcud vəziyyətdə biz yenə də ikiüzlü, riyakar münasibəti görürük. Hansı ki, beynəlxalq təşkilatlar bununla bağlı Ermənistana təzyiq edə bilər.
Ermənistan müxtəlif formalarla mina xəritələri ilə bağlı öhdəliyi boynundan atmağa çalışır. Sözügedən məsələ ilə bağlı Ermənistan tərəfi yetərincə məlumatlıdır. İşğal dövründə ermənilərin orada qeyri-qanuni məskunlaşdığı zaman mina partlayışına məruz qaldıqlarını görmədik. Çünki onların minalanmış sahələrlə bağlı məlumatları var idi. Rəsmi məlumat olmasa belə, onlar ərazi baxımından məlumatlı idi. O məlumatları da Azərbaycana verməkdən boyun qaçırırlar”.