...

Beynəlxalq nəqliyyat dəhlizi üzrə rəqəmsallaşmanın aparıcı mərhələsindəyik - TRACECA Baş katibi

İqtisadiyyat Materials 3 İyun 2025 14:28 (UTC +04:00)
Beynəlxalq nəqliyyat dəhlizi üzrə rəqəmsallaşmanın aparıcı mərhələsindəyik - TRACECA Baş katibi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

TRACECA kimi əhəmiyyətli nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkələr bu gün orijinal əlaqəliliyin təmin olunmasında əsas rol oynayır.

Trend xəbər verir ki, bunu TRACECA-nın Baş katibi Asset Assavbayev 30-cu Yubiley “Baku Energy Week” tədbiri çərçivəsində "Dəmir yolu nəqliyyatının rəqəmsallaşdırılması" mövzusunda keçirilən panel müzakirədə çıxışında deyib.

"Biz texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Rəqəmsal texnologiyalar Yer üzündə bütün sahələrə inteqrasiya olunub", - baş katib qeyd edib.

O bildirib ki, dəmir yolları kimi mürəkkəb və kapital tələb edən bir sahədə rəqəmsallaşma sadəcə bir trend deyil – bu, inkişaf və rəqabət qabiliyyətinin artırılması üçün bir zərurətdir:

"Avropa, Qafqaz və Asiya ölkələrini birləşdirən TRACECA təşəbbüsü, dəhliz daxilində dəmir yolu nəqliyyatının rəqəmsallaşdırılması səylərində vacib rol oynayır.

TRACECA-da rəqəmsallaşma yalnız ayrı-ayrı hissələrin effektivliyinin artırılması ilə deyil, həm də bütün iştirakçılar üçün vahid və inteqrasiya olunmuş rəqəmsal məkanın yaradılması ilə bağlıdır. Bu, bir təchizat zənciridir. Bu zəncir daxilində standartların uyğunlaşdırılması, elektron sənəd dövriyyəsinin inkişafı, informasiya sistemlərinin inteqrasiyası və layihələrin həyata keçirilməsi zamanı innovasiyaların tətbiqi nəzərdə tutulur".

Baş katibin sözlərinə görə, TRACECA rəqəmsal həllər üzrə əməkdaşlıq, bilik mübadiləsi və birgə inkişaf üçün unikal platforma təqdim edir:

"Bu, TRACECA beynəlxalq nəqliyyat dəhlizinin potensialının maksimum dərəcədə istifadəsi üçün olduqca vacibdir. Əlbəttə, rəqəmsallaşmaya keçid müəyyən çətinliklər də yaradır. Bura əhəmiyyətli investisiyalar, kadr hazırlığı, müxtəlif sistemlərin uyğunluğu ilə bağlı məsələlər, həmçinin kibertəhlükəsizlik, dövlətlərarası əməkdaşlıq və milli qanunvericiliyin uyğunlaşdırılması kimi məsələlər daxildir".

A.Assavbayev vurğulayıb ki, rəqəmsallaşmanın açdığı imkanlar bu çətinliklərdən xeyli üstündür:

"Bu baxımdan TRACECA üçün rəqəmsallaşma prioritet istiqamətdir. TRACECA çərçivəsində daimi işçi qrupu fəaliyyət göstərir, üzv ölkələrin iştirakı ilə müxtəlif birgə layihələr həyata keçirilir və yük daşımalarının rəqəmsallaşdırılmasına dair razılaşmanın layihəsi üzərində iş aparılır. Beynəlxalq nəqliyyat dəhlizi üzrə rəqəmsallaşmanın aparıcı mərhələsindəyik. Bu, dəmir yolu nəqliyyatını daha etibarlı, daha sürətli, daha təhlükəsiz və daha rahat edəcək.Bu isə TRACECA-ya üzv ölkələr arasında iqtisadi əməkdaşlığın və ticarətin inkişafına təkan verəcəkdir".

"Bugünkü panel sessiyamız təcrübə mübadiləsi aparmaq üçün əla imkandır. Burada ən yaxşı təcrübələrin paylaşılması, ümumi problemlərin müəyyən edilməsi və onların həll yollarının tapılması üçün birgə müzakirə aparılır. Əminəm ki, bu müzakirələr bizə rəqəmsal texnologiyaların potensialından dəmir yolu sənayesinin inkişafı üçün, o cümlədən TRACECA kimi vacib tərəfdaşlıq çərçivəsində, necə daha səmərəli istifadə olunacağını daha yaxşı anlamağa imkan verəcək", - deyə A.Assavbayev fikirlərini yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti